“Mövcud mənbələr Təbrizin içməli suyunu ancaq 3 il daha təmin edə bilər”

Keçən aylarda Təbriz əhalisinin böyük bir bölümü su kəsintiləri və su qıtlığı ilə qarşı-qarşıya qalıb. Şərqi Azərbaycan vilayəti Regional Su Şirkətinin sədrinin dediklərinə görə, mövcud mənbələr hesabına Təbrizin içməli suyu ancaq üç il daha təmin oluna bilər.

Təbrizdə su istehlakı hər il artır. Bu il pandemiya şəraiti su istehlakının 37 faiz artmasına səbəb oldu. Bunu qarşılamaq üçün yeni quyuların qazılmasına qərar verilib, lakin lazımi büdcə vəsaiti hələ təmin olunmayıb.


İSNA agentliyinə istinadən, Yusuf Qafarzadə Təbriz Şəhəri İdarə Şurasının iclasında deyib ki, “Təbrizin suyu hazırda üç mənbədən təmin edilir; Qızılca Meydan quyuları, Nəhənd bəndi və Zərrinə çayı (Cığatı) bəndi. Araz çayının suyunu yönləndirmədən bu mənbələrlə Təbrizə ancaq üç il daha su verə bilərik.

İran rəsmiləri bir neçə il əvvəl Urmiyə Gölünün quruması ilə əlaqədar baş qaldıran etirazlar zamanında da Araz suyunun Urmiyə Gölünə yönləndirilməsini gündəmə gətirmişdilər. Lakin ekspertlər bunun praktik bir çözum yolu olmadığını qeyd edirlər.

Şərqi Azərbaycanda fəaliyyət göstərən yerli mediaya istinadən, keçən aylarda Təbrizin müxtəlif məhəllələrində su müəyyən fasilələrlə verilib. Təbrizdə su kəsintiləri xüsusilə pandemiya şəraitində ciddi narahatlıqlara səbəb olub.

SEE ALSO: Təbrizdə su kəsintiləri pandemiya ilə bağlı vəziyyəti çətinləşdirir

Şərqi Azərbaycan vilayəti Su və Kanalizasiya Şirkətinin sədri Əlirza İmanlı isə bazar günü Təbriz Şəhəri İdarə Şurasının iclasında deyib ki, “Təbrizdə su istehlakı hər il artır. Bu il pandemiya şəraiti su istehlakının 37 faiz artmasına səbəb oldu. Bunu qarşılamaq üçün yeni quyuların qazılmasına qərar verildi, lakin lazımi büdcə vəsaiti hələ təmin olunmayıb.”

“Təbriz əhalisi haqlı olaraq içməli suyun təmini ilə bağlı sıxıntılara etiraz bildirirlər. Bu problemin həlli üçün əhatəli proqramlara diqqət yetirilməlidir,” İmanlı söyləyib.