Aclıq edən azərbaycanlı fəallar Evin həbsxanasına köçürülüb

Yrni GAMOH üzvləri aclıq edir

Aclıq edən azərbaycanlı fəallar Evin həbsxanasına köçürülüb

Təbriz şəhərinin mərkəzi həbsxanasında iyulun 13-dən aclıq aksiyasına başlamış tanınmış azərbaycanlı fəallar Tehranın Evin zindanına köçürüldükləri məlum olub.

APA agentliyinin məlumatına görə, iyulun 23-də Yeni GAMOH Mərkəzi Komitəsinin üzvlərinin vəkilləri Cəfər Əfşarniya və Eldar Quluzadə öz müvəkkilləri ilə görüşüblər.

Vəkillər azərbaycanlı fəalların aclıq aksiyasını hələ davam etdirdiklərini və öz fikirlərindən dönmədiklərini bildiriblər. Onlar həmçinin Behbud Quluzadənin böyrək ağrısından əziyyət çəkdiyini, Lətif Həsənidə halsızlıq hiss edildiyini, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli və Şəhram Radmehrin vəziyyətlərinin nisbətən yaxşı olduqlarını söyləyiblər. Bundan başqa, azərbaycanlı fəalların üç gündən sonra Kərəcin Rəcayişəhr həbsxanasına köçürüləcəkləri barədə məlumat verilib.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L. Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər.

Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.

Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək 12 gündür aclıq aksiyası keçirirlər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib.