Təbrizdə həbs edilənlərin daha bir neçəsinin adı açıqlanıb

Fevralın 26-da Asiya Çempionlar Liqası oyunları çərçivəsində Təbrizdə keçirilən Traktorsazi-Əl-Cəzirə matçından sonra nəzarət altına alınan bir neçə “Tıraxtur” azarkeşinin adları açıqlanıb.

Oyan News veb səhifəsinin yaydığı məlumata əsasən həbs edilənlərdən Siyamək Seyfi, Kəsra Davudi və Hüseyn Ədlcu Təbrizin Ümumi Məhkəməsinin 19-cu şöbəsində mühakimə edildikdən sonra martın 10-da 50 milyon tümən qarşılığında zaminə buraxılıb.

Təbriz zindanında saxlanılan tərəfdarlardan Əli Əhmədi, jurnalist Məhəmməd Pur-Tağı, Musa Sudi, Cəfər Rüstəmi-Rad, Fərhad Çavuşi və Musazadənin də adları qeyd edilib.

Tutulanların çoxunun Ərdəbil və Qərbi Azərbaycan vilayətlərindən və 19-23 yaş arası gənclərdən ibarət olduğu bildirilib.

Azərbaycan veb səhifələri 26 fevral günü Təbriz stadionunda ən azı 22 azərbaycanlının nəzarət altına alındığı haqda məlumat yayıblar.