Türkcə tamaşalar Təbrizdə teatr sənətinə rəğbəti artırıb

Antiqona tamaşası - Təbriz, dekabr 2015

Son zamanlar dünya şöhrətli dramaturqların əsərlərinin Təbrizdə türk dilində səhnəyə qoyulması əhali arasında teatr sənətinə geniş rəğbət qazandırıb. Bu mövzuda ətraflı bir reportaj nəşr edən İranın yarı rəsmi Mehr agentliyi Təbrizdə teatr sənətində tarixi bir dövrün yaşandığını qeyd edir.

Keçən illərdə minlərlə tamaşaçı Molyer, Ejen İonesko və Jan Anuy kimi Avropanın məşhur dramaturqlarının əsərlərini Təbriz səhnələrində türk dilində izləyə bilib.

Mehrin yazdığına görə, “tamaşaların ana dilində səhnələşdirilməsi toplumun müxtəlif yaş qruplarının diqqətini cəlb edir. Bu günləri Təbriz üçün tarixi bir dönəm adlandırmaq olar, çünki, hər gün şəhərin müxtəlif teatr zallarında çeşidli əsərlər əhali tərəfindən izlənilir.”

“Bir səhv düşüncə vardır ki, sadəcə satirik tamaşalar türk dilində icra oluna bilər. Ancaq dəyərli dünya klassiklərinin səhnəyə qoyulması ilə sübut edildi ki, əhali ana dilində ciddi əsərləri izləməyə maraqlıdır,” deyə xəbər agentliyinə danışan rejissor Əli Puriyan söyləyib.

Həmin reportaja istinadən, bu günlərdə “Robinzon Kruzo”, “Antiqona”, “Savaş başçısının kədərli dulları”, “İnsi nənə”, “Səttarxan himasəsi”, “Elçilik”, “Zorakı Təbib” və “Ayı” kimi tamaşalar, eləcə də uşaqlar üçün bir neçə tamaşa Təbrizdə türk dilində səhnəyə qoyulub.

“Ancaq burada diqqətləri cəlb edən başqa bir xüsus yerli pyeslərin olmamasıdır... Hazırda teatr sənəti üzrə ali təhsil alanların sayının çoxalması və durumun yaxşılaşması türkcə tamaşaların səhnəyə çıxmasına şərait yaradıb. Artıq zamanı gəlib ki, yerli dramaturqlar da cəhdləri artırıb yerli türkcə pyeslərin də səhnəyə çıxmasına zəmin yaratsınlar,” deyə Mehrin reportajında dərc edilib.

Hazırda Urmiyənin İncəsənət və Kültür Kompleksində də “Dayıcan Papıl” adlı tamaşa türkcə səhnəyə qoyulub.