Keçən iyul ayının 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar saxlanılan bəzi fəallar Təbriz İnqilab Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Bu fəallar iyul ayının 23, 24 və 25-də nəzarət altına alınıb, bir müddət sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, fəalların bir neçəsi, o cümlədən Nadir Sadıqiyan və Yusuf Sələhşura İnqilab Məhkəməsi tərəfindən çağırış vərəqəsi göndərilib. “Əhalini iğtişaşa dəvət etmək”-də ittiham edilən fəallardan oktyabrın 20-də məhkəməyə müraciət etmələri tələb olunub.
Bu fəalların ittihamları keçmiş həftələrdə Təbriz ümumi və inqilab prokurorluğunda onlara oxunub.
SEE ALSO: Ural Hatəmi: Təbrizdəki etirazlar İranda yeni bir ictimai hərəkatın formalaşdığını göstərdiKeçən iyul ayının ortalarında İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran və 10 gündən artıq davam edən kütləvi aksiyalarda bir çox etirazçı öldürüldü. Əhvazdakı etirazların ardınca türk fəallar İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri paylayaraq əhalini iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar. İran polisi və hərbi qüvvələri həmin gün Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri bağlamışdı.
İyulun 24-də Təbriz aksiyalarında etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray, haray mən türkəm” kimi şüarlar səsləndirilib. Su qıtlığına qarşı etirazlarla əlaqədar Təbriz başda olmaqla, İran Azərbaycanının üç sərhəd vilayətinin mərkəzlərində onlarla vətəndaş nəzarət altına alınıb.