Şərqi Azərbaycan vilayəti apelyasiya məhkəməsi keçən il Təbriz İnqilab Məhkəməsinin türk fəallar Milad Əkbəri və Əli Həmzəzadəyə qarşı çıxardığı həbs qərarını qüvvədə saxlayıb.
Bu barədə Güney Azərbaycan Televiziyası (Günaz TV) və AZOH kimi saytlar məlumat yayıblar.
Keçən il Təbriz İnqilab Məhkəməsində “rejimə qarşı təbliğat” və “əhalini qanunsuz toplaşmağa təşviq etmək” ittihamı ilə mühakimə edilən iki fəal 4 ay həbs cəzasına məhkum edilmişdilər.
Əkbəri və Həmzəzadə 2016-cı ilin iyun ayında Ettelaat tərəfindən nəzarət altına alınıb təqribən 20 gün həbsdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar. Fəalların nəzarət müddətində aclıq aksiyası keçirdiklərinə dair məlumat yayılmışdı.
Günaz TV-nin məlumatına görə, iki türk fəal Şərqi Azərbaycanın Əhər şəhərində Uyğur türklərinə dəstək mitinqlərinə qatıldıqları üçün həbs və mühakiməyə məruz qalıblar.
İran İslam Respublikasında hər il Ramazan ayının son cüməsində İsrailə qarşı ənənəvi Qüds günü yürüşləri keçirilir. Keçən illərdə bəzi türk fəallar həmin yürüşlərin keçirildiyi zaman əllərində plakatlar və “Doğu Türküstan” bayraqları ilə Uyğurlara dəstək, Çin hakimiyyətinin siyasətlərinə isə etirazlarını nümayiş etdiriblər.