Şərqi Azərbaycan vilayətində bir neçə həftədir başlayan bəhayi türklərinə aid mağazaların möhürlənməsinin davam etdiyi bildirilir. HRA agentliyinə istinadən, keçən iki gün ərzində daha iki mağaza qapadılıb və bəzi digər iş yerlərinin qapadılacağına dair xəbərdalıq verilib.
Agentlik son iki həftə ərzində İran polisinin ümumi məkanlara nəzarət bölməsi (Əmakin) tərəfindən Təbrizdə iş yeri və mağazası möhürlənən 18 bəhayi vətəndaşın siyahısını yayıb.
Bağlanan iş yerləri geyim, ev əşayaları, eynək və kosmetik əşyaları mağazası, habelə bərbərxana və ev əşyaları təmiri mağazası olaraq fəaliyyət göstərirdilər.
Son vaxtlar Şərqi Azərbaycan vilayətində bəhayi türklərinə iş yerlərinin qapadılmasının səbəbi ilə bağlı məlumat verilməyib. Lakin dövlət qurumlarının iqtisadi fəaliyyətlərinə mane olmaqla bəhayi cəmiyyətinə qarşı basqı tətbiq etməsi yeni bir durum deyil.
İran Azərbaycanı və İranın digər bölgələrində yaşayan türklərin əksəriyyəti şiədir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən, əhli-haqq/ələvilər, sünnilər, bəhayilər və xristianların da sayı az deyil.
Hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qaldığını bildirir.