Dolu ciddi ziyan vurub [Video]

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 20-si axşam ölkənin şimal və qərb rayonlarından başlayaraq iyunun 21-i səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub, dolu düşüb, güclü şimal-qərb küləyi əsib. Yağan leysan yağışı nəticəsində çaylarda sululuq artıb.

Milli Hidrometeorologiya Departamenti bildirir ki, Göygöl, Daşkəsən, Goranboy rayonunun Qaraçinar, Zeyvə, Şəfəq kəndləri,Ağstafa, Naftalan, Gədəbəy, Daşkəsən rayonunun Quşçular kəndinə dolu düşüb. Şimal-qərb küləyi Daşkəsən, Ağstafa, Şəmkir, Qazıməmməd, Tərtər, Gəncə, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda arabir güclənib.

Yerli sakinlər Amerikanın Səsinin müxbiri ilə telefon söhbətində, güclü külək və dolu düşməsi nəticəsaində Göygöl və Daşkəsən rayonlarında çoxsaylı evlərin dam örtüyünün sıradan çıxdığını, avtomobillərə ziyan dəydiyini, ağacların aşdığını deyib.

“Dolu evlərimizin dam örtüyünü deşik-deşik edib, əkin sahələrimizi sanki şumlayıb, ağaclarda meyvə qalmayıb. Dolu qonşularımın avtomobillərinin dam örtüyünü əyib, şüşələrini sındırıb. Kənd məktəbinin 30-dan çox pəncərəsinin şüşələri sınıb”, Göygöl rayonun sakini Amerikanın Səsinə bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində olub, ziyan dəymiş evlərə baş çəkib,

Dəyən ziyanın miqdarını müəyənləşdirmək və fəsadları aradan qaldırmaq üçün Fövqəladə Hallar Komissiyalarının üzvləri yerlərdə işləyir.