İran Azərbaycanının Təbriz və Ərdəbil şəhərlərində müəllimlər ölkənin digər şəhərlərdə baş tutan aksiyalarla həmrəy olaraq mitinq keçirib.
İranda Müəllimlərin Həmkarlar Birliklərinin Koordinasiya Şurasının yayımladığı məlumata əsasən, müəllimlər ölkənin 40 şəhərində hər bir şəhərin Təhsil İdarəsinin qarşısına toplaşaraq hökumətin iqtisadi siyasətinə, eləcə də ölkədəki müəllimlərin məişət şəraitinə etiraz ediblər.
Həmədan, Kərəc, Bicar, Ərak kimi şəhərlər müəllimlərin etiraz mitinqi keçirdiyi şəhərlər arasında yer alır.
İranda müəllimlərin etiraz mitinqləri Müəllimlərin Həmkarlar Birliklərinin Koordinasiya Şurasının çağırışı ilə baş tutur. Başda keçirilən bu etiraz aksiyalarında müəllimlər maaşları, artan inflyasiya nəticəsində yaranan məişət çətinliyi və maaşların bərabərləşdirilməsi kimi tələbləri irəli sürürdü. Lakin İran hökumətinin müəllimlər həmkarlar ittifaqı fəallarının evlərinə hücum edərək, onları həbs etməsindən sonra müəllimlərin mitinqlərində səsləndirilən şüarlar siyasi xarakter alıb.
Mayın 12-də İranın 40 şəhərində, o cümlədən Təbriz və Ərdəbildə müəllimlər təhsil idarələrinin önündə toplaşaraq, "müəllimin yeri məktəbdir, həbsxana deyil", "həbs edilmiş müəllim sərbəst buraxılsın" kimi şüarlar səsləndiriblər. Bir neçə şəhərdə müəllimlərin həmkarlar ittifaqlarının fəalları təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Tehranda 30 müəllimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı, qısa müddətdən sonra isə sərbəst buraxıldığı bildirilir.
Həmçinin yayılan xəbərlərdə bildirilir ki, bəzi şəhərlərdə müəllim həmkarlar ittifaqlarının fəalları müəllimlərin məişət vəziyyətlərinə etiraz mitinqlərinə davam etdikləri üçün təhlükəsizlik qüvvələri tərəfindən dindiriliblər.