Gürcüstanın paytaxtında, 2003-cü il noyabrın 22-də "Qızılgül inqilabı"nın başladığı Azadlıq meydanında bazar günü müxalifət partiyaları tərəfdarlarının mitinqi keçirilib. Müxtəlif hesablamalara görə, mitinqdə 40-50 min insan iştirak edib. Mitinq "Gürcüstan Avropa İttifaqını seçir" şüarı altında keçirilib.
İlkin razılığa əsasən, müxalifət liderləri mitinqdə çıxış etməyib. Səhnə tanınmış ictimai xadimlərə, müğənni və şairlərə verilib ki, onlar meydana toplaşanları və ölkənin bütün vətəndaşlarını oktyabrın 26-da keçiriləcək parlament seçkilərində Rusiyayönlü hakim "Gürcü Arzusu" partiyasını əvəz etmək üçün "Gürcüstanın Avropanın inkişaf yoluna qayıtması" naminə müxalifətətin dörd partiyasından birinə səs verməyə çağırıb.
Ölkə prezidenti Salome Zurabişvili "Azadlıq" meydanında mitinq iştirakçıları qarşısında çıxış edib. O, minlərlə insanın toplaşdığı mitinqini unudulmaz tarixi hadisə adlandırıb.
Bundan əlavə, dövlət başçısı Moldova prezidenti Maya Sanduya "Moldovanın Avropadakı gələcəyinə dair referendumunda qələbə" arzulayıb və təkcə Ukraynanın deyil, həm də Gürcüstanın Avropadakı gələcəyi üçün mübarizə aparan Ukrayna prezidenti Volodimir Zelenskiyə təşəkkür edib.
Parlament seçkiləri zamanı ölkəni 2012-ci ildən idarə edən "Gürcü arzusu"na qarşı Mixail Saakaşvilinin "Birlik - Milli Hərəkat" partiyası və daha üç müxalifət birliyi - "Güclü Gürcüstan", "Dəyişiklik üçün Koalisiya" və "Gürcüstan Naminə" partiyaları çıxır.
Rəy sorğularına görə, mütənasib sistemlə keçirilən seçkilərdə müxalifətin dörd partıyası beş faizlik baryeri keçərsə, müxalifət qüvvələri birlikdə gələcək parlamentdə mandatların 50%-dən çoxunu ala və yeni koalisiya hökuməti qura bilər.