Donald Task ABŞ prezidentinə məsləhət verib

Avropa Şurasının prezidenti Donald Task NATO sammiti ərəfəsində ABŞ prezidenti Donald Trampa məsləhət verib. Task deyib ki, ABŞ prezidenti “demək olar, hər gün müdafiə xərclərinə görə Avropanı tənqid edir”, Birləşmiş Ştatlar müttəfiqlərini “dəyər verməlidir”.

Task Avropa İttifaqı ilə NATO arasında əməkdaşlığa dair yeni razılaşma imzalanandan sonra danışıb. Bir gün sonra Brüsseldə NATO sammiti başlanır. Bu arada Tramp NATO Avropadan olan üzvlərini müdafiə xərclərini artırmağa çağırır.

“Uzun müddətdir Avropanı, demək olar ki, hər gün ümumi müdafiəyə yetərsiz saydığı töhfəsinə görə tənqid edən prezident Trampa müraciət etmək istərdim. Cənab prezident Tramp, Amerikanın Avropadan yaxşı müttəfiqi yoxdur və olmayacaq”, Task deyib.

“Əziz Amerika, müttəfiqlərinizi dəyərləndirin – axı, müttəfiqlərinizin sayı çox deyil”, deyən Task Avropa ölkələrini müdafiəyə daha çox vəsait ayırmağa çağırıb.

Elə Tusk çıxış etdiyi bir vaxtda Trump Avropaya səfər öncəsi tvit edərək, daha əvvəlki çağırışlarını təkrar edib.

“Avropaya hazırlaşıram. İlk görüş – NATO-dadır. Birləşmiş Ştatlar onları qorumaqdan ötrü istənilən ölkədən çox pul xərcləyir. Bu, amerikalı vergiödəyicisinə qarşı ədalətli deyil. NATO DAHA ÇOX, Birləşmiş Ştatlar DAHA AZ ödəməlidir. Çox ədalətsizdir!”

Trump təkid edir ki, NATO ölkələri hədəflərini yerinə yetirsinlər, 2024-cü ilədək ümumi daxili məhsulun 2 faizini müdafiəyə xərcləsinlər. Avropanın bəzi rəsmiləri bu səfərin transatlantik birliyə zərbə vura biləcəyindən ehtiyatlanır.