Tarixi nüvə razılığının mühüm oyunçuları [Siyahı]

Razılıqda başlıca rolu İran və ABŞ diplomatları oynayıb

Amerikanın Səsi Avstriya paytaxtı Vyanada İran - 5+1 nüvə razılığında başlıca rol oynamış siyasətçiləri təqdim edir:

İRAN

Ayətulla Əli Xameneyi: İranın ikinci və hazırki ali dini lideri. Əli Xameneyi İranın İslam İnqilabının lideri Ruhulla Xomeyninin xələfidir. O, 1981-1989-cu illərdə İranın prezidenti olub.

Həsən Ruhani: İranın 2013-cü ildən hakimiyyətdə olan 7-ci prezidentidir. O, həmçinin keçmiş qanunverici, akademik və diplomatdır. Ruhani prezident seçiləndən sonra İranın dünya ilə əlaqələrin nəzərdən keçiriləcəyini açıqlamışdı. O, geniş şəffaflıq nümayiş etdirəcəyinə, ölkənin beynəlxalq mövqeyinin yaxşılaşdırılacağına söz vermişdi. Cənab Ruhani beynəlxalq inamı bərpa etmək üçün şəffaf nüvə danışıqları aparılacağını bildirmişdi.

Məhəmməd Cavad Zərif: İran diplomatı, akademik və hazırki xarici işlər naziri. 2013-cü il sentyabrın 27-də o, ilk dəfə 5+1 və İran sammiti zamanı ABŞ dövlət katibi Con Kerri ilə görüşüb. Bu, son 6 ildə İran və ABŞ arasında ən yüksək səviyyəli görüş idi.

Əli Əkbər Salehi: İran Atom Enerjisi Təşkilatının rəhbəri. Bu vəzifəyə təyin olunanadək o, 2010-2013-cü illər arasında xarici işlər naziri olub. Cənab Salehi həmçinin 1998-2003-cü illərdə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi olub.


Amerika Birləşmiş Ştatları

Barak Obama: ABŞ-ın 44-cü və hazırki prezidenti. 2014-cü ilin dekabrında Obama İran prezidenti ilə ilk dəfə telefonla danışdı və bu danışıq zamanaı İranın nüvə proqramı mövzusu da yer almışdı.

Con Kerri: Amerika Birləşmiş Ştatlarının dövlət katibi. O, ABŞ Senatında xidmət edərək Xarici Əlaqələr Komitəsinin sədri olub. Bir ay əvvəl velosiped sürən zaman yığılaraq ayağını sındırmasına baxmayaraq Kerri Vyanada keçirilən nüvə danışıqlarında şəxsən iştiraka üstünlük verib.

Ernest Moniz: nüvə üzrə fizik alim və ABŞ-ın enerji naziri. Moniz İranın atom enerjisi naziri Əli Əkbər Salehi ilə texniki detallar barədə birbaşa danışıqlar apararaq prezident Obamanı əmin edib ki, saziş iranlıların təhlükə yaratmasına imkan verməyəcək. Bununla o, İranın nüvə proqramı ilə bağlı hərtərəfli razılğın əldə olunmasında mühüm rol oynayıb.

Vendi Şerman: Dövlət katibinin siyasi məsələlər üzrə müavini, Dövlət Departamentinin dördüncü dərəcəli rəsmisi. 2011-ci il sentyabrın 11-i xanım Şerman o zaman dövlət katibi olan Hillari Klinton tərəfindən bu vəzifəyə təyin olunub. O, həmin vaxt Tehranın nüvə proqramı ilə bağlı İran və altı ölkə arasında 6 mərhələli danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edib.

DİGƏRLƏRİ

Federika Mogherini: İtaliya siyasətçisi və hazırda Avropa Birliyi Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti ali Nümayəndəsi. Xanım Federika 2014-cü ilin fevralından oktyabrınadək İtaliyanın xarici işlər naziri olub.

Yukiya Amano: Beynəlxakq Atom Enerjisi Agentliyinin (BAEA)hazırki direktoru. O, Yaponiyanın BAEA-dakı səfiri olub və 2005-ci ilin sentyabrından 2006-cı ilin sentyabrınadək BAEA-nın İdarı Heyətinin sədri seçilib.

Sergey Lavrov: Rusiya diplomatı və hazırki xarici işlər naziri. Bundan əvvəl o, 19940-2004-cü illərdə Rusiyanın BMT-dəki səfiri olub.

Loren Fabius: Fransanın xarici işlər naziri. O, 1984-cü ilin iyulunda 37 yaşında ölkənin baş naziri seçilib və 1986-cı ilədək vəzifəsini icra edib.