İran Azərbaycanında 35 tarixi əşya aşkar edilib

İran Azərbaycanının Xiyav (Meşginşəhr) şəhərində ikinci dəmir dövrünə aid olan 35 ədəd tarixi əşya aşkar edilib.

Ərdəbil vilayətinin Mədəni İrs İdarəsinin İctimaiyyətlə Əlaqələr bölməsinin rəsmisi Fars xəbər agentliyinə bu barədə məlumat verib.

Rəsminin verdiyi məlumata görə, Xiyav şəhərinin Xəlifəli kəndində ikinci dəmir dövrünə aid olan 35 ədəd tarixi əşya aşkar edilib.

Bu tarixi əşyalar polis tərəfindən tarixi əşya qaçaqmalçılarından ələ keçirilib. Bir nəfərin bu hadisə ilə bağlı həbs edilərək məhkəməyə verildiyi bildirilir.

Kəşf edilən əşyalar arasında stəkan, küp və kasa kimi saxsı məmulatlar, tunc və dəmirdən hazırlanmış xəncər, süngü və bıçaq da daxil olmaqla, hərbi silahlar və həmçinin qolbaq, kəmər, üzük kimi zinət əşyaları var.

İran Azərbaycanında tarixi əşyaların qanunsuz şəkildə çıxarılaraq qara bazarda satılması nadir hal deyil. Bəzən vətəndaşların bu kimi olayları gördüyü zaman polisə xəbər verib əşyaların qara bazarda satılmasının qarşısı alınır.

Mədəni fəalları İran Azərbaycanında Mədəni İrs İdarəsinin tarixi abidələri və obyektləri mühafizə etməkdə vəzifəsini düzgün yerinə yetirmədiyi üçün tənqid edir.