İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Romanın təbii qaz tədarükünü şaxələndirmək səyləri çərçivəsində cümə günü Azərbaycana səfər edib.
İtaliya qazın 40%-ni Rusiyadan alır. İtaliyanın baş naziri Mario Draqinin cümə axşamı bildirdiyinə görə, bu, Moskvanın Ukraynaya qarşı apardığı “müharibənin birbaşa maliyyələşdirilməsi”dir.
Luici Di Mayo azərbaycanlı həmkarları ilə Türkiyə, Yunanıstan, Albaniya və daha sonra İtaliyaya keçən Trans-Adriatik qaz kəməri vasitəsilə Azərbaycandan qaz nəqlinin artırılması imkanlarını müzakirə edib. Boru kəməri Rusiyadan tədarüklərə alternativ olaraq layihələndirilib və 2020-ci ilin sonunda onun vasitəsilə ilk qaz buraxılıb.
Bundan əvvəl Di Mayo Qətər, Əlcəzair, Anqola və Konqoya səfər edib. İtaliya Rusiya qazından asılılığına son qoymaq üçün müxtəlif variantları axtarır.