Talibanın yeni fərmanı qadın sənətçilərin iştirak etdiyi televiziya şoularını hədəf alır

Taliban bazar günü Əfqanıstandakı televiziya kanallarına qadın sənətçilərin iştirak etdiyi serialların yayımını dayandırmağı əmr edib və qadın jurnalistlərin İslam qanunu və şəriətə uyğun olaraq hicab geyinməli olduqlarını bəyan edib.

Məhdudiyyətlər Taliban tərəfindən Mənəviyyatın Təşviqi və ya Əxlaq Polisi kimi tanınan qurum tərəfindən verilən yeni səkkiz bəndlik təlimatın bir hissəsidir ki, bu da qrupun qadınların haqlarını məhdudlaşdırdığına dair son işarə kimi qiytmətləndirilir. Bundan əlavə, yeni təlimatlar film və tamaşalarda qadın aktyorların olmamasını tələb edir. Yeni siyasət eləcə də televiziya kanallarının ədəbsiz, sinəsindən dizlərinə qədər örtülü olmayan kişilərin nümayişinə icazə vermir.

Nazirlik direktivi müdafiə edərək bildirib ki, bu, “əxlaqsızlığın təbliğinə, şəriət prinsiplərinə və əfqan dəyərlərinə zidd” videoların yayımlanmasına qarşıdır. Nazirlik Kabildəki televiziya şəbəkələrinin nümayəndələrindən yayım saatlarında təlimatlara əməl etməyi tələb edib.

“Əfqanıstanda əcnəbi mədəniyyət və adət-ənənələri və əxlaqsızlığı təbliğ edən xarici və yerli filmlər yayımlanmamalıdır” - deyə, məlumatda bildirilib.

Direktiv həmçinin şəxsləri “təhqir” edən və ya “ləyaqətini” ləkələyən satirik şouların da yayımını qadağan edib.

Talibanın əvvəlllər hakimiyyətdə olduğu vaxt Əxlaq Polisinin biləkləri, əlləri və ya topuqlarını göstərdiklərinə, evdən müşayiətsiz çıxdıqlarına görə qadınları cəzalandırması Əfqanıstanın diplomatik təcridinə səbəb olmuşdu.

Avqustun ortalarında hakimiyyətə qayıtdıqdan sonra Taliban dəfələrlə İslam qanunlarına uyğun olaraq qadınların haqlarını qoruyacağına söz verib. Lakin vilayətlərdə əfqan qızların əksəriyyətinin orta məktəbə qayıtması hələ də qadağandır.