Əfqanıstandan xarici qoşunlarının çıxarılması sülhün əsas yolu hesab edilir

Taliban və Əfqanıstan müxalifət liderləri deyir ki, ABŞ-ın başçılıq etdiyi xarici qüvvələrin ölkədən tam çıxarılması Əfqanıstanda uzunmüddətli sülhə nail olunmasının əsas yoludur.

Hər iki nümayəndə heyəti çərşənbə günü Moskvada keçirilən ikigünlük sülh danışıqlarının sonunda bəyanatla çıxış edib.

“Biz Amerika tərəfi ilə danışıqlar aparırıq və çalışırıq ki, Amerika qüvvələri mümkün qədər tez ölkədən çıxsın”- deyə, Taliban nümayəndə heyətinin başçısı Məhəmməd Abbas Stanikzay bildirib.

“Başlıca məsələlər və arzular sülh, sabitlik, xarici qüvvələrdən azad Əfqanıstan, hər hansı tərəfdən müdaxilə olunmayan Əfqanıstandır” - deyə, Əfqanıstanın sabiq prezidenti Həmid Karzay bildirib.

Görüşsonrası bəyannamədə həmçinin deyilir ki, tərəflər 18 il davam edən Əfqanıstan müharibəsinə son qoyulması yolunu tapmaq üçün ABŞ-ın başçılığı ilə Talibanla aparılan birbaşa danışıqları dəstəkləyəcək.

Əfqanıstan prezidenti Əşrəf Qani isə Moskva görüşünü tənqid edib və bildirib ki, bu görüş onun siyasi əlehdarları tərəfindən hazırlanıb və konstitusional olaraq seçilmiş hökuməti kölgə altına almaq məqsədi daşıyır.