NATO Əfqanıstanda Taliban və Əl-Qaidə militanlarına qarşı13 il davam edən missiyasını baş çatdıraraq, beynəlxalq qüvvələrin qərargahında bayrağı aşağı endirib.
ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya qüvvələri Birləşmiş Ştatlarda terror hadisələri törədən Əl-Qaida militanlarını dəstəkləyən Taliban rejimini devirmək üçün 2001-ci ilin oktyabr ayında Əfqanıstana daxil olmuşdu.
NATO Beynəlxalq Təhlükəsizlik qüvvələrinin əməliyyatları dayandırmasına baxmayaraq Taliban ölkə boyu hücumları davam etdirir.
Qəndəhar vilayətində bazar ertəsi polis məntəqəsinə edilən hücum nəticəsində azı beş insan həyatını itirib. Hadisə paytaxt Kabildə keçirilmiş bir neçə hücumdan sonra baş verib.
Assoşieyted Press xəbər agentliyinin məlumatına əsasən, Əfqanıstanda 2001-ci ildən bəri 3500 xarici əsgər həlak olub. Onlardan çoxu Amerika əsgərləridir. Əfqan qüvvələri arasında ölüm hallarının sayı son iki ildə təxminən 10 mindir.
Birləşmiş Ştatlar 2014-ci ildən sonra Əfqanıstanda 11 min nəfərdən ibarət əsgəri qüvvə saxlamağı planlaşdırır. Beynəlxalq koalisiyaya daxil olan bəzi ölkələr də Əfqanıstanda öz əsgərlərini saxlamağa davam edəcək.