Taliban ABŞ-la sülh razılığı əldə edə bilər

Taliban başçısının müavini cümə axşamı məşhur qəzetə göndərdiyi açıqlamasında deyib ki, qarşılıqlı etimadsızlığa baxmayaraq, üsyançı qrup Əfqanıstandakı müharibəni sona çatdırmaq üçün Birləşmiş Ştatlarla imzalamaq istədiyi sülh razılaşmasını dəstəkləməkdə "tam qərarlıdır."

”Uzun müddət davam edən müharibə hər kəs üçün dəhşətli oldu. Hər kəs bu müharibədən bezdi ” deyərək, qonşu Pakistan ərazisindən intihar bomba hücumları və digər hücumları təşkil etdiyi iddia edilən qrupun komandiri Siracüddin Haqqani The New York Times qəzetinə yazıb.

Haqqani ABŞ-Taliban sazişinin potensialının yerinə yetirilməsi və buna müvəffəq olmasının təmin edilməsinin Vaşinqtonun hər bir öhdəliyinə "eyni dərəcədə ciddi riayət etməsindən" asılı olacağını vurğulayıb.

"Yalnız bundan sonra biz tam güvənə bilərik və gələcəkdə əməkdaşlığın, hətta ortaqlığın təməlini da qoya bilərik" - deyə, Pakistanın casus `Daxili Kəşfiyyat` agentliyi ilə əlaqələri olduğu deyilən Haqqani bildirib.

Pakistan Haqqani Şəbəkəsi (HN) kimi tanınan Haqqani və ya onun qorxulu silahlı şəbəkəsi ilə əlaqələrinin olduğunu rədd edir.

Qəzet məqaləni ABŞ və Taliban rəsmilərinin bu yaxınlarda Əfqanıstanda zorakılığın yeddi gün müddətinə azaldılması ilə bağlı razılıqdan sonra dərc edib. Müvəqqəti barışıq uğurlu olarsa, iki düşmən uzun müddətdir gözlənilən sülh sazişini bu ayın sonunda imzalaya bilər.

Çərşənbə axşamı prezident Donald Tramp Talibanla sülh razılaşmasının "bir şans" olduğunu, bunun ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmasına və uzun sürən müharibəyə son qoyulmasına səbəb olacağını deyib.

“Talibanla danışıqlar aparırıq. Onlarla bir müddətdir danışıqlar aparırıq. Nə olacağını görəcəyik. Razılaşma şansı var. Bir şans var ", Tramp Merilenddəki Andrews bazasında jurnalistlərə deyib.

Hər iki tərəf 18 aydır davam edən mübahisəli danışıqlarda saziş layihəsini müzakirə edib.