Taliban qadınların QHT-lərdə işləməsinə qadağa qoyub, qadın etirazçıları su şırnaqları ilə dağıdıb

Əfqan universitet tələbələri etiraz edir. Pakistan. 24 dekabr, 2022

Taliban idarəçiləri şənbə günü Əfqanıstanda yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarından qadın işçilərin işə gəlməsini dərhal qadağan etmələrini tələb edib.

Maliyyə nazirliyi rəsmi məktubda xəbərdarlıq edib ki, göstərişə riayət etməyən təşkilatların iş icazələri ləğv olunacaq.

Bu arada isə ölkənin qərbində yerləşən Herat şəhərində Taliban rəsmiləri şənbə günü ölkədə qadınların universistetdə təhsilinin dayandırılmasına etiraz edən onlarla qadın tələbə və qadın hüquqları fəallarını dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Etirazçılar İranla sərhəddə yerləşən şəhərin mərkəzi hissəsinə toplaşaraq şüarlar səsləndirib, insanları Talibana qadağanı aradan qaldırması üçün təzyiq göstərməyə çağırıblar. Onlar “İslamda təhsil bizim əsas hüququmuzdur” “ya hər kəs üçün, ya da heç kim üçün təhsil” kimi şüarlar səsləndiriblər.

Yürüşün vilayət qubernatorunun ofisinə doğru irəliləməsi planlaşdırılmışdı, ancaq Talibanın təhlükəsizlik qüvvələri onları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Sosial mediada paylaşılan videolarda qadınların sərt qış səhərində qışqırdığı və su şırnaqlarından qaçmağa çalışdığı göstərilib.

İslamçı idarəçilər çərşənbə günü qadınların Əfqanıstan bpyu dövlət və özəl universitetlərdə təhsillərini dayandırdığını elan edib.

Taliban 2021-ci ilin avqustunda ölkə nəzarətini ələ keçirdikdən sonra qızlar üçün 6-cı sinifdən sonra məktəbləri bağlayıb və qızların sinif otaqlarına dönmələrinə icazə verməsi üçün çağırışlara məhəl qoymayıb.

Bu həftə qadınların universitet təhsillərinin dayandırılması genişmiqyaslı beynəlxalq qınaqlara səbəb olub. Müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə yekdilliklə bunu pisləyib və qərarın dərhal ləğv edilməsinə çağırıb.

Cümə günü şimalda yerləşən Bəlx vilayətinin paytaxtı Məzari-Şərifdə Taliban tərəfdarı dini liderlər səsgücləndiricilərdən istifadə edərək sakinlərə qızların təhsilinin dayandırılması əleyhinə etirazlara qoşulmamaları üçün xəbərdarlıq edib.

Onlarla qadın hüquqları fəalları və qadın tələbələr paytaxt Kabil və bir neçə vilayətdə etiraz aksiyaları keçirərərək, qadınların təhsil və ictimai həyata çıxışına məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.

Əfqanıstanın ali təhsil müəssisələrində kişi tələbələr qadınlarla həmrəylik nümayiş etdirmək üçün sinif otaqları və imtaham zallarını tərk ediblər, bir çox kişi müəllimlər isə qadınların təhsilinə tətbiq olunan qadağa çərşənbə axşamı qüvvəyə minəndən bəri etiraz əlaməti olaraq istefa ediblər.

Beynəlxalq Böhran Qrupunun ekspert Qraem Smit şənbə günü deyib ki, ali təhsilə qadağa Talibana yeni sanksiyaların tətbiq olunmasına və böhran içində olan Cənubi Asiya ölkəsinin üzləşdiyi problemləri artıra bilər.