Taliban Əfqanıstanda iki polis məntəqəsini ələ keçirərək, 16 polis işçisini qətlə yetirib.
Yerli təhlükəsizlik rəsmiləri Amerikanın Səsinə hücumların Qəndəhar vilayətinin Maivənd bölgəsində həyata keçirildiyini bildirib. Əfqanıstan qüvvələrinin ciddi itkilər verdiyi deyilib.
Hücumçular ABŞ-da istehsal edilən 3 zirehli maşını ələ keçirib.
Vilayətin polis sözçüsü Səmim Xpolvak hücumları təsdiq etsə də əlavə məlumat verməyib. O, 4-ü komandir olmaqla, 27 Taliban yaraqlısının öldürüldüyünü bildirib.
Qəndəhar Talibanın yarandığı şəhər hesab edilir. Bu şəhər islamçı qrupun ölkənin çox hissəsinə nəzarət etdiyi vaxt paytaxt elan edilmişdi.
Əfqanıstanın 34 vilayətindən ən böyüyü, qonşu Helmənd vilayəti Talibanın nəzarəti altındadır.
Əfqanıstanın təhlükəsizlik qüvvələri 2016-cı ildə misilsiz itki vermişdi.
ABŞ ordusunun komandirləri bu il daha artıq zorakılıqların gözlənildiyini deyir.