Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ağır vəziyyətdədir. Bu barədə Amerikanın Səsinə müsahibəsində martın 17-də həbsxana xəstəxanasında oğluna baş çəkmiş məhbusun anası Gülbuta Xasməmmədova bildirib.
Your browser doesn’t support HTML5
O, oğlunun 10 gün aclıq keçirdiyini və qanunsuz həbsinə etiraz əlaməti olaraq damarlarını kəsdiyi haqqında məlumatı təsdiq edib.
Xasməmmədovanın sözlərinə görə, oğlu qeyri-insani rəftardan şikayət edib. Belə ki, saxlanıldığı andan etibarən (20 gün) ona evdən gələn yeməyi, dərmanları, geyimi verməyiblər və həkim çağırmayıblar. O, saxlanıldığı geyimdə idi və ona təmiz geyim verməyiblər. T.Xasməmmədova bütün bu müddət ərzində bir dəfə olsun çimməyə icazə verməyiblər və evə zəng etməyə imkan verməyiblər.
Gəncə istintaq təcridxanasında Xasməmmədov psixi cəhətdən qeyri-adekvat insanlarla birlikdə 6 nəfərlik rütubətli kameraya yerləşdirilib.
10 gün əvvəl o, aclıq aksiyasına başlayıb. Orada damarlarını kəsib və iki gün əvvəl Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülüb.
Qadının sözlərinə görə, yalnız burada və KİV-də onun damarlarını kəsdiyi haqqında məlumat yayıldıqdan sonra onunla normal davranmağa başlayıblar.
Taleh 10 gündür yemək yemirdi və yalnız dünən bir qədər vafli yeyib, bundan sonra ayağında və əlində qıcolmalar başlayıb. Aclıq etdiyi günlərdə onunla maraqlanmayıblar və həkim çağırmayıblar.
G.Xasməmmədova ictimaiyyətdən və dövlətdən oğlunun ev dustaqlığına buraxılmasını xahiş edir. Taleh bu gün anası vasitəsilə “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansına məktub göndərib, bu qurumdan kömək istəyir. * T.Xasməmmədov fevralın 24-də xuliqanlıq ittihamı ilə saxlanılıb və həbs edilib.
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov hüquq müdafiəçisi Xasməmmədovun kəsik yaraları olduğu barədə məlumatı təkzib edib.
O, Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Xasməmmədovun özü aclıq etdiyini təkzib edib. Qurbanovun sözlərinə görə, Xasməmmədov müalicə müəssisəsinin qəbul şöbəsinə daxil olub və hazırda müayinədən keçir.
T.Xasməmmədov fevralın 24-də Göyçay rayonunda xuliqanlıq ittihamı ilə həbs edilib.
Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq-müdafiə fəaliyyəti və facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. O, əvvəllər də hüquq müdafiə fəaliyyətinə görə məsuliyyətə cəlb edilib, amma iki il əvvəl əfv olunub.