Taksimdə nümayişlərin ikinci günü [Fotoqalereya]

Taksim Gezi Parkında polislə qarşıdurma

Təhlilçilər deyir ki, nümayişlər İslam təmayüllü hökumətin siyasətlərinə qarşı artan narazılığı göstərir
Artıq ikinci gündür Türkiyənin ən böyük şəhəri olan İstanbulda nümayişçilərlə polis arasında qarşıdurma baş verir. Şəhər parkında yenidənqurma işlərinə qarşı keçirilən oturaq aksiya ölkə boyu hökumət əleyhinə kütləvi nümayişlərə yol açıb.

Dünən İstanbulun uzun illər boyu siyasi və digər mahiyyətli nümayişlərə səhnə olan məhşur Taksim meydanında polis etiraz edən nümayişçiləri dağıtmaq üçün göz yaşardıcı qaz və su şırnağından istifadə edib.

Ancaq polisin sərt müdaxiləsi iğtişaşın daha da böyüməsinə yol açıb və şəhərin mərkəzi məhəllələrinin müharibə zonasına bənzəməsinə səbəb olub. Hadisə zamanı onlarla insanın yaralandığı bildirilir.

İstanbuldakı nümayişçilərlə həmrəylik göstərmək məqsədi ilə paytaxt Ankara da daxil olmaqla Türkiyənin 10-dan çox şəhərində etiraz aksiyaları keçirilib. Polislərlə qarşıdurmaya gedən nümayişçilər baş nazir Rəcəb Tayyip Ərdoğan hökuməti əleyhinə şüarlar səsləndirib.

Bugünkü çıxışında baş nazir Ərdoğan vəziyyəti sakitləşdirməyə çalışsa da, İstanbul küçələrində minlərlə nümayişçi ilə polis arasında toqquşma davam edir. Cənab Ərdoğan etiraf edib ki, polis gözyaşardıcı qazdan istifadə etməklə səhvə yol verib. Buna baxmayaraq o, Taksimdəki tikinti layihəsinin inşasının başlamalı olduğunu deyib.

Təhlilçilər deyir ki, nümayişlər İslam təmayüllü hökumətin siyasətlərinə qarşı artan narazılığı göstərir. Bəziləri hətta kökumətin get-gedə avtoritarlaşdığını iddia edir.