Tailand kralı əleyhinə nümayişlər davam edir

Tailand kralı Maha Vajiralongkornun monarxiyasına açıq şəkildə meydan oxuyan minlərlə etirazçı onun səlahiyyətlərini cilovlamaq üçün islahatlar çağırışı da daxil olmaqla, tələblərini bildirmək üçün bazar günü Banqkokda yürüş keçirib.

Etirazçıların sayı Tailand sarayına və hərbi üstünlük təşkil edən quruluşa qarşı iki aylıq nümayişlərdən sonra daha da artıb.

Kralıqdan şərh almaq mümkün olmayıb. Vaxtının çox hissəsini Avropada keçirən kral indi Tailandda deyil.

Yürüş iştirakçılarının qarşısı yüzlərlə silahsız polis tərəfindən baryerlərlə alınıb.

Etiraz liderləri tələblərini məktubla polisə verdikdən sonra zəfər elan edib.

Şəhər Polis Bürosunun rəhbəri Phakphonq Phonqphetra məktuba cavab verilməsi üçün polis mərkəzinə çatdırılacağını deyib.

Şənbə günü də Tailandın paytaxtında minlərlə nümayişçi tələbələrin başçılıq etdiyi etiraz hərəkatının yeni seçkilərin keçirilməsi və monarxiya islahatı ilə bağlı tələblərinə dəstək məqsədilə polisin xəbərdarlıqlarına məhəl qoymayaraq tarixi meydanı zəbt ediblər.

Təşkilatçılar Banqkokda tarixən siyasi etirazların keçirildiyi ərazidə iki gün davam edəcək etirazda 50 minə yaxın insanın iştirak edəcəyini proqnozlaşdırıb.

Onillər boyu böyük siyasi nümayişlərin keçirildiyi Sanam Luang meydanın ilk öncə bir neçə qrupları təmsil edən insanlar gəlib.

Onlar arasında rəngli bayraqlarını dalğalandıran LGBTQ nümayəndələri, qırmızı bayraq dalğalandıran 10 il öncə Banqkok küçələrində ölkə ordusuna qarşı mübarizə aparan Tailandın Qırmızı Köynək siyasi hərəkatının nümayəndələri olub.

Lakin Associated Press-in məlumatına görə, axşam nitq söyləyən iştirakçılar əsas səhnəyə çıxmağa başladığı vaxt, meydana artıq 20 minə yaxın insan toplaşıb. Gecə proqramı davam etdiyi müddət ərzində meydana insan axını davam edib.