Taha Kirmani: İbrahim Rəisi İrandakı ciddi problemləri çözmək qabiliyyətinə sahib deyil

Taha Kirmani

Amerikanın Səsinə danışan jurnalist Taha Kirmaninin sözlərinə görə, yeni prezident İbrahim Rəisi dönəmində əsas hədəf İranın hazırda qarşı-qarşıya olduğu problemləri çözmək deyil, hakimiyyətin mövcudluğuna təhlükə yarada biləcək daha ciddi problemlərin önünə keçməkdir.

Your browser doesn’t support HTML5

Taha Kirmani: İbrahim Rəisi İrandakı ciddi problemləri çözmək qabiliyyətinə sahib deyil

Kirmani İbrahim Rəisinin prezidentliyə gəlməsi ilə nəticələnən seçkilər və onun nazirlər kabinetinin tərkibinə diqqət çəkərək deyir ki, “artıq icraedici hakimiyyət üzərində Əli Xameneinin kölgəsini deyil, əlini görürük.”

Hakimiyyətdə bu qayğını görürük ki, millət müəyyən motivasiyalar ilə küçəyə çıxıb və təhlükəsizliyin pozulması və hakimiyyətin sarsılmasına yol aça bilər.

“İranın seçki sisteminə baxdığımızda, biz ən azından zahirdə də olsa bir rəqabət görürdük. Son seçkilərdə bu rəqabət sonlandırılmış görünür, amma hamı bilir ki, bu, indi yerin altına girib və daha çox bir qarşıdurma halına gəlib. Yəni, artıq güclərin paylaşılması mövzusunda ittifaq deyil, bir basdırılma var,” jurnalist söyləyir.

O, islahatçıların kənarlaşdırılması ilə birlikdə daxili siyasətdə bir rahatlanma göründüyünü, lakin bu vəziyyətin uzun sürməyəcəyini önə çəkir:

“Adını islahatçılar və mühafizəkarlar qoysaq, və ya Əli Xameneinin yanında və qarşısında duranlar olaraq adlandırsaq, nə adla desək, artıq İbrahim Rəisi dönəmində siyasi gücün kontrollu bir şəkildə bölüşməsini deyil, kontroldan çıxa biləcək bir qarşıdurmaya çevrildiyini görürük. Hazırda gücün tək əldə toplaşması ilə birlikdə bir rahatlanma görünə bilər, amma bu quruluş uzun sürə bilməyəcək. Bu rəqabət qısa müddətdə bir qarşıdurma və üzləşməyə doğru gedəcək.”

Taha Kirmani hesab edir ki, islahatçı və mühafizəkar qanada mənsub qüvvələrin kənarlaşdırılması həmçinin bürokratiya və idarəetmə sahəsində ciddi problemlərə yol aça bilər.

İslahatçı və mötədil qüvvələr hər zaman İranda işin bürokratik ayağını götürən qol olub. Yəni işi yürüdən və işi bilən tərəf bu qanad idi. İndi sanki işi bilənlər bir kənara atılıb. Bu düzənin çox sürəbilməsinə dair ciddi şübhələr var.

Onun sözlərinə görə, “islahatçı və mötədil qüvvələr hər zaman İranda işin bürokratik ayağını götürən qol olub. Yəni işi yürüdən və işi bilən tərəf bu qanad idi. İndi sanki işi bilənlər bir kənara atılıb. Bu düzənin çox sürə bilməsinə dair ciddi şübhələr var. Misal üçün, xüsusilə İranın xarici işlər nazirliyi və neft nazirliyində işlərin uzun müddət yürüyə bilməsi ilə bağlı qayğılar var.”

Jurnalist əlavə edir, “İbrahim Rəisi birinci prioritetinin koronavirus olduğunu dedi. Biz bilirik ki, bu məsələnin çözümünün bir ayağı iqtisadiyyatdır. Lakin, İran bu sahədə ciddi mənada xərçəngləşmiş problemlər ilə qarşı-qarşıyadır. İbrahim Rəisi bu problemləri çözə biləcək son adamdır.”

Taha Kirmaninin fikrincə, bu dönəmdə hakimiyyətin də əsas hədəfi mövcud problemləri çözmək deyil, bəlkə daha ciddi problemlərin önünə keçməkdir.

“İranda hazırda [hakimiyyətin] ən önəmli məsələsi mövcud durumu qorumaqdır. İnsanlar düşünə bilər ki, mövcud durum zatən pisdir, bunu qorumaq nə üçündür? Amma ölkədə özəlliklə sakitlik ilə əlaqədar ciddi qayğıların olduğu anlaşılır. [Hakimiyyətdə] bu qayğını görürük ki, millət müəyyən motivasiyalar ilə küçəyə çıxıb və təhlükəsizliyin pozulması və hakimiyyətin sarsılmasına yol aça bilər. Bu qayğının mövcud olduğunu nazirlər kabinetindəki adlara baxanda görə bilirik. Dolayısı ilə, İran hakimiyyətinin prioriteti mövcud durumu qorumaq və stabil vəziyyətə keçməkdir. Yəni mövcud problemləri çözməkdənsə, daha böyük və yıxıcı problemlərin ortaya çıxmasını önləməyə çalışacaqdır.”