Taha Kirmaninin sözlərinə görə, İran Azərbaycanındakı milli hərəkata mənsub təşkilatlar medianın önəmini çox gec başa düşüblər və bu sahədə dünyada qəbul olunmuş standartlara uyğun ciddi fəaliyyətləri olmayıb. Türkiyədə təhsil alan jurnalist Amerikanın Səsi ilə söhbətdə türk fəalların jurnalistika fəaliyyətləri və onların farsdilli media ilə əlaqəsini dəyərləndirib.
Your browser doesn’t support HTML5
Kirmani sadəcə İranın daxilində deyil, xaricdə də fəaliyyət göstərən farsdilli medianın dominant mədəniyyətin çərçivəsində hərəkət edib, qeyri-farsların məsələlərinə yer vermədiklərini söyləyir:
Baxanda görürük ki, siyasi təşkilatlarımızın mediasında minimum səviyyədə standartlara diqqət edilmir.Taha Kirmani
“İranda hakimiyyətin müəyyənləşdirdiyi sahələr xaricində fəaliyyət göstərmək haradasa qeyri-mümkündür. Amma İranın xaricində fəaliyyət göstərən media xidmətləri də ciddi şəkildə dominant kültürün xaricinə çıxa bilməyib. Yəni, nəticədə İranın daxilindəki ilə xaricdəki durum arasında çox fərq yoxdur.”
O deyir ki, “toplumun ciddi problemlərini ələ alsaq, bunları farsdilli mediada çox az görürük... Misal üçün, biz türklərdən bəhs edəndə, haradasa İran əhalisinin yarısından söz etmiş oluruq. Amma onların məsələlərinin mediada yer almasına baxanda, bu o faizi qarşılamır.”
Kirmani qeyri-farslar, o cümlədən türklərin öz kimliklərini qoruyaraq farsdilli mediada yer almalarının çox çətin olduğunu ifadə edir.
“Bir türk, ərəb və ya kürd fəalı öz etnik cəmiyyətinin məsələlərini ələ alıb çalışmasa, zatən o cəmiyyətə mənsub olub-olmaması da önəmli olmur. Yəni, əgər siz türk olub, amma türk kimliyi ilə türklərin məsələləri üzərində işləməsəniz, gedib bir farsdilli mediada yer almağınız da bir dəyər ifadə etməyəcək,” güneyli fəal söyləyir.
Əgər siz türk olub amma türk kimliyi ilə türklərin məsələləri üzərində işləməsəniz, gedib bir farsdilli mediada yer almağınız da bir dəyər ifadə etməyəcək.Taha Kirmani
Kirmaninin fikrincə, Azərbaycan Milli Hərəkatının qüvvələri İran mediası ilə əlaqə qurmaq ya onlarla dialoq məsələsini ələ almaqdan əvvəl özləri minimum səviyyədə olsa da jurnalistika standartları və üslublarını öyrənməlidirlər.
Onun dediklərinə görə, “jurnalistika peşəkar bir fəaliyyətdir. Çox incə qanadlara ayrılmış, amma bu təməl qaydanı pozmur. Yəni siz ancaq minimum bir səviyyəyə çatdıqdan sonra var olmaq fürsəti əldə edirsiniz... Biz görürük ki, Azərbaycan Milli Hərəkatına mənsub qüvvələr arasında əsasən medianın önəmi çox gec başa düşülüb. Bunu digər qeyri-fars qruplarla müqayisə edəndə görə bilirik.”
Taha Kirmani əlavə edir, “indi də, baxanda görürük ki, siyasi təşkilatlarımızın mediasında minimum səviyyədə standartlara diqqət edilmir. Sloqan və şüar söyləmindən ayrılıb və standart media dilini işlətmirlər. Standart bir media dili vardır. Bu dildə danışmalıdırlar.”
O, hesab edir ki, azlıq qruplara mənsub olan jurnalistlər yaradıcılıq məsələsinə önəm verərək, öz izləyicilərini tapıb və onlarla birbaşa təmasa keçməlidirlər.