Təbriz və bir neçə ayrı şəhər susuz qaldı

  • Insafəli Hidayət

Təbriz və bir neçə ayrı şəhər susuz qaldı

Kəmərin təmiri bir neçə gün vaxt aparıb. Həmin müddətdə Təbrizdə əhalinin 60 və digər şəhərlərdə isə 40 faizi susuz qalıb ki, suyun kəsilməsindən təsir görənlərin sayı 3 milyonu ötüb.

Amerikanın səsinin Təbrizdən aldığı xəbərə görə Təbriz, Miyandab (Qoşaçay), Binab, Azərşəhər, Ilxıçı, Gogan və Şəbistər şəhərlərinin suyu kəsilib və susuzluq 3 gün davam edib. İranın rəsmi xəbər agentiliklərinin və kütləvi məlumat vasitələrinin çoxu bu barədə xəbər verməyiblər. Bu xəbəri yalnız, Fars xəbər agentliyi və Təbriz televiziyası yayıblar.

Yuxarıda adları çəkilən şəhərlərin su ehtiyatının mühüm bir hissəsi "Zərrinə rud" çayından təchiz edilir. Kürdüstan dağlarından axan bu çay Miyandabdan çəkilən 180 kilometrlik kəmər vasitəsilə Təbriz və digər şəhərlərə çatdırılır.

Təbrizdəki mənbələrdən aldığımız xəbərlərə görə eni iki metr olan bu su kəməri iki yerdən patlayıb. Kəmərin təmiri bir neçə gün vaxt aparıb. Həmin müddətdə Təbrizdə əhalinin 60 və digər şəhərlərdə isə 40 faizi susuz qalıb ki, beləliklə suyun kəsilməsindən təsir görənlərin sayı 3 milyonu ötüb.

Xalqın öz yaşayışı üçün bu sudan asılı olduğu qədər, Təbrizin çoxlu fabrik və zavodlarının fəaliyyəti həmin su təchizatından asılıdır.

Təbriz və digər şəhərlərin suyunu “Zərrinə rud” Çayından təchiz etmək fikri 37 il bundan əvvəl şah dövründə irəli sürülmüşdü. Amma İslam inqilabı bu ideyanın icrasının qarşısını aldı.

Sonda, nəzərdə tutulmuş iki kəmərdən biri çəkildi və 11 il əvvəl Təbrizə və tədricən digər şəhərlərə su yetirildi. İkinci kəmərin çəkilməsi fikri hələ qalsa da icra olunmayıb. Prezident Mahmud Əhmədinejad Şərqi Azərbaycana səfərləri zamanı söz verib ki, ikinci su kəməri layihəsinin icrasına lazim olan büdcə üçün maliyyə vəsaiti ayıracaq, amma indiyədək bununla bağlı heç bir iş görülməyib.