Daha bir bəhayinin Təbrizdə dəfninə icazə verilməyib

Əfruz Bəxşi

Yanvarın 15-də Təbrizdə vəfat edən bəhayi vətəndaş Əfruz Bəxşinin yaxınları onun Təbrizin məzarlığında dəfn edilməsinə icazə verilmədiyini bildiriblər.

Bu barədə məlumat yayan Bahainews-a istinadən, təqribən son beş il ərzində Təbrizdə vəfat dən bəhayi əhalinin doğma şəhərində dəf edilməsinə icazə verilməyib.

Mərhum Bəxşinin Amerikada yaşayan oğlu Siyamək Şəfii bildirib ki, “Vadi-Rəhmət məzarlığı məsulları ancaq müsəlmanlara məxsus cənazə mərasiminin keçirilməsi şərti ilə icazə verəcəklərini söyləyiblər.”

“Məzarlığın məsulları atama deyiblər ki, ya islami törənlə burada dəfn edin, ya da cənazəni Urmiyə ya Miyandaba (Qoşaçay) aparın... Atam bəzi dövlət qurumları o cümlədən, bələdiyyə və valiliyə də müraciət edib. Onlar hörmətsizlik etməyiblər, ancaq əmrin yuxarıdan olduğunu bildirib və Təbrizdə dəfn edilməsini qəbul etməyiblər,” deyə Bahanews Siyamək Şəfiiyə istinadən xəbər verib.

Hüquq müdafiəçiləri ötən illərdə də Təbrizdə vəfat edən bəhayi türklərin dəfninə icazə verilməməsinə dair məlumat yayıblar.

İran Azərbaycanında yaşayan türklərin əksəriyyəti şiədir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən əhli-haqq/ələvilər, sünnilər, bəhailər və xristianların da sayı az deyil.

Güneyli hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm dini ayrı-seçkiliyə məruz qaldığını vurğulayırlar.