Süheyla Əzizi: İslam Respublikası öncə qadınları susdurdu

Süheyla Əzizi deyir ki, İslam Respublikası təsis olunduqdan sonra ilk etiraz aksiyaları qadınlar tərəfindən təşkil olundu və hakimiyyət də ilk olaraq qadınların etiraz səsini kəsib, sonra digər qrupları susdurdu.

Your browser doesn’t support HTML5

Süheyla Əzizi: İslam Respublikası öncə qadınları susdurdu

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Amerkanın Səsinə danışan qadın haqları müdafiəçisi İran və İran Azərbaycanında qadınların bərabər hüquqlar uğrunda mübarizəsindən danışıb.

Qadınlar Gününü biz bir bayram kimi yox, bir imkan kimi görürük ki, qadınların məruz qaldığı haqsızlığı gündəmə çıxarıb mübahisəyə qoyaq.

Süheyla Əzizi 8 mart Beynəlxalq Qadınlar Gününü bir bayram kimi deyil, bir hərəkatın başlandığı gün olaraq gördüyünü deyir:

“8 Mart Dünya Qadınlar Gününü biz bir bayram kimi yox, bəlkə bir imkan kimi görürük ki, qadınların məruz qaldığı haqsızlığı gündəmə çıxarıb mübahisəyə qoyaq. Avropadakı feministlər də bunu belə görür. Bayram kimi təbrik etmirlər, bir hərəkət kimi görürlər. Qadın 8 martda hərəkətə gəlib və öz haqqını istəyib. Bu yol davam edir və uzun bir yoldur.”

Keçən il xüsusilə paytaxt Tehranda qadınların məcburi hicaba qarşı etirazlarını dəyərləndirən Əzizi İran müxalifətinin qadınlara lazımi dəstəyi vermədiyini vurğulayır.

SEE ALSO: İranda türk qadınlar #MeToo kampaniyası başladıb

O, İranda qadın etirazçıların bundan öncə də yalnız buraxıldığını önə çəkir.

İslam İnqilabından sonra, 1979-cu ildə birinci etiraz hərəkəti qadın hərəkəti olur... Lakin təəssüf ki, heç bir qrup dəstək vermir qadının hərəkətinə və Xomeyni çox ağır şəkildə onu basdırır.

“İslam İnqilabından sonra, 1979-cu ildə birinci etiraz hərəkəti qadın hərəkəti olur... Lakin təəssüf ki, heç bir qrup dəstək vermir qadının hərəkətinə və Xomeyni çox ağır şəkildə onu basdırır. Solçular da qadınlara dəstək vermir. Çünki, İran hakimiyyətini anti-imperialist və anti-Amerika kimi görürlər,” qadın haqları fəalı qeyd edir.

O, hesab edir ki, qadın hərəkatı basdırıldığı zaman digər siyasi qruplar qadınlara dəstək versəydi, hakimiyyət onları da ardıcıl şəkildə susdura bilməyəcəkdi.

İran Azərbaycanında qadınların bərabər hüquqlar uğrunda fəaliyyətlərini dəyərləndirən Süheyla Əzizi deyir ki, milli hərəkata mənsub təşkilatlar qadınların məsələlərini təfərrüat kimi deyil, əsas olaraq görməlidirlər.

“Bizim təşkilatlar da İslam İnqilabından sonrakı illərdə baş verənlərdən dərs almalıdırlar. Qadın məsələsini təfərrüat kimi deyil, əsas insan haqqı kimi görməliyik... Bizim hərəkatda qadın fəalların sayı azdır. Bunun səbəblərini araşdırmalıyıq. Qadın hüquqlarına çox az diqqət yetirilir. Biz toplumda demokratiya istəyiriksə, bunun 50 faizi qadındır. Qadınları öz yanımıza çəkə bilməsək düzgün demokratik bir toplum yarada bilməyəcəyik” - deyə, o əlavə edir.