Hərbi təyyarələr Dəməşqdə fələstin düşərgəsini bombalayıb


Suriya fəalları hökumət qüvvələrinə məxsus hərbi təyyarələrin paytaxt Dəməşqdən cənubda yerləşən Yarmuk fələstin düşərgəsini bombaladığını bildirir. Səkkiz adamın öldüyü haqda məlumat verilir.

Fəallar Yarmuk qaçqın düşərgəsinin 2011-ci ildə mart ayında prezident Bəşar Əl-Əsəd tərəfdarı qüvvələrin xalq üsyanını yatırmağa başladığı vaxtdan ilk dəfədir hücuma məruz qaldığını deyib.

Britaniyada yerləşən Suriya İnsan Hüquqlarını Müşahidə qrupu hökumət qüvvələrinin Yarmuk düşərgəsi daxil olmaqla Dəməşqin cənubunda bazar günü altı hava hücumu keçirdiyini bildirib. Üsyançılar bu rayonlardan Dəməşqin prezident Bəşar Əl-Əsəd hökumətinin yerləşdiyi mərkəzinə doğru hərəkət etməyə çalışır.

Bu arada, Livanın “Əl-Axbar” qəzeti Suriyanın vitse-prezidenti Faruk Al-Şaraaya istinadən münaqişədə nə hökumət, nə də üsyançıların qələbə qazana bilməyəcəyi haqda məlumat verib. Suriya hökuməti bu açıqlamaya şərh verməyib.

Suriyanın başqa bölgələrində üsyançı qüvvələri Hələb şəhəri yaxınlığında hökumət ordusu ilə döyüşdən sonra hərbi akademiyanı ələ keçirdiyini bildirib.

Suriya hökuməti müstəqil jurnalistlərin ölkədə fəaləiyyət göstərməsinə imkan vermədiyi üçün Yarmuk düşərgəsində hücum, ya da hərbi akademiyada döyüş haqda məlumatları təsdiqləmək mümkün deyil.