“Suriana” amerikalılara fərqli Suriyanı göstərir [Video]

Your browser doesn’t support HTML5

Suriyada 2011-ci ildən bəri davam edən müharibə çox sayda insanın həyatına son qoyduğu kimi ölkənin mədəni irsinə də böyük zərər vurub. Birləşmiş Ştatların Merilend ştatında yaşayan suriyalı mühacir ailəsi müharibənin getdiyi ölkədə mədəni irsin qorunub saxlanmasına və sənətkarların dəstəklənməsinə çalışır. Amerikanın Səsinin müxbiri bu ailənin dogma vətəninin gözəlliyini bölüşdüyü Elikott şəhərindəki “Suriana Kafesi və Qalereyası”nda olub.

“Suriana” işinə hər birinin üzərində ərəb qrafikası ilə lirik cümlə yazılan üç gil fincanla başlayıb. “Onların üzərində “O çox gözəldir”, “Mən onu sevirəm” və “Onun adı Şəamdır” sözləri yazılıb. Bu həm Dəməşqdir, həm də mənim qızımın adıdır” deyə, Haldun Əlqatrif bildirir.

Haldun Əlqatrif bu fincanları Online-da görüb. “Məni onların kimin hazırladığı maraqlandırdı. Mən axtarışa başladım və bu haqda məlumatı Suriyanın əl işlərinə maraq göstərən böyük şirkətdən altım.”

Beləliklə, Suriyanın əl işləri və sənət əsərlərinin toplanması ideyası yarandı. “Biz Amerikaya Suriyanın başqa üzünü, gözəl üzünü, xəbərlərdə nümayiş etdirilməyən üzünü göstərmək istəyirik.”

Haldun Birləşmiş Ştatlara 2015-ci ildə, qardaşı Məcid Əlqratrif isə ondan bir-iki il əvvəl mühacirət edib. “Suriana Kafesi və Qalereyası”nı onlar keçən ilin dekabrında Ellikott şəhərində, XVIII əsrə aid binada açıb. Onların dediyinə görə, bu məhəllə onlara Suriyada yaşadıqları Suveydanı xatırladır. Məcid Əlqratrif: “Bu qalereyada Dəməşq ipəyi də daxil olmaqla toxuculuq işlərindən tutmuş, sədəfdən düzəldilmiş işlər, yəni Suriyanın əsas mədəni irsinı görmək olar. Ustad sənətkarlar tərəfindən hazırlanan bu əsərlərin hamısı mədəniyyətimizin dərin köklərindən gəlib.”

Əlqatrif deyir ki, bu qalereyanın iki missiyası var – Biri mirasın qorunması, digəri isə sənətkarların əl işlərinin satılmasına yardım.

Əlqatrif ailəsi Suriya mədəniyyətini daha geniş təbliğ etmək məqsədilə artıq Suriya yeməkləri də təklif edir. Bu kafedə qum üzərində hazırlanan ənənəvu Suriya qəhvəsi də var. Qəhvəni Məcidin həyat yoldaşı hazırlayır. Rəşa Obeyid: “Burada hər şey Suriya reseptləri əsasında hazırlanır. Mətbəxdəki aşbazların hamısı suriyalı qadınlardır.”

Bununla Əlqatriflər ailəsi Amerika xalqına Suriya haqda fərqli bir mesaj çatdırmağa çalışır.