Suriya Demokratik Qüvvələri Raqqa şəhərinə hücuma keçib

Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokratik Qüvvələri ölkənin şimalındakı Raqqa şəhərini İslam Dövləti qrupunun yaraqlılarından azad etmək üçün bu gün hücuma keçib.

Suriya Demokratik Qüvvələri İŞİD-in 2014-cü ildə ələ keçirib de-fakto paytaxtı etdiyi Raqqanı keçən ilin noyabr ayından bəri mühasirəyə almağa çalışırdı.

Suriya və İraqda İŞİD-ə qarşı döyüşlərdə Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin komandiri, general-leytenant Stiv Tounsend Raqqanın geri alınması əməliyyatının vaxt aparacağını və çətin olacağını deyib. Lakin o, İslam Dövləti qrupunun iddia etdiyi "xilafət" üçün bu döyüşlərin həlledici olacağını bildirib.

İraq ordusu da koalisiya qüvvələrinin dəstəyi ilə İŞİD döyüşçülərini qrupun İraqda əsas istinadgahı olan Mosulda şəhərindən sıxışdırıb çıxarmağa çalışır.

Koalisiyanın bəyanatında deyilir ki, Raqqaya qarşı döyüşlər zamanı Suriya Demokratik Qüvvələri təchizatla təmin ediləcək, təlimlər, kəşfiyyat və texniki dəstək davam etdirələcək. Suriya Demokratik Qüvvələrinin mülki vətəndaşları şəhəri tərk etməyə təşviq etdiyi bildirilir.