Suriya hökumətinin kimyəvi silahdan istifadə etdiyi deyilir [Fotoqalereya]

Suriyalı fəallar hökumət qüvvələrinin bu gün Dəməşq yaxınlığında yüzlərlə insanın ölümünə səbəb olan kimyəvi silahdan istifadə etdiyini deyirlər. Hücumlar zamanı çəkilən videolar sosial medialara yerləşdirilib.

Suriya fəallarının kimyəvi silahdan istifadə barədə xəbərindən sonra BMT-nin Təhlükəsizlik Şurası təcili yığıncağa çağırıb. Bağlı qapılar arxasında keçiriləcək yığıncağın Nyu-York vaxtı ilə saat 3-də keçiriləcəyi deyilir.

Ərəb Liqası və Birləşmiş Ştatlar da daxil edilməklə, Qərb dövlətləri Suriya hökumətini təcili olaraq BMT müfəttişlərinin hadisənin baş verdiyi yerdə təhqiqat aparmalarına icazə verməyə çağırıb. Suriya prezidenti Bəşar Əl-Əsəd kimyəvi silahdan istifadə edildiyini inkar edir.

Baş qərargahı Böyük Britaniyada yerləşən Suriya İnsan Haqlarını Müşahidə qrupu hərbi qüvvələrin Şərqi və Qərbi Qotanı raket atəşinə tutduqlarını bildirib. Təşkilatın dediyinə görə, hücumların həyata keçirildiyi bölgələrdəki fəallar hərbi qüvvələrin zəhərli qazdan istifadə etdiyini bildirib. Suriya hökuməti isə bu məlumatı təkzib edib.