Suriya prezidenti Bəşşar əl-Əsəd bu gün nazirlər kabinetinin canlı yayımda televiziya ilə nümayiş etdirilən iclasında deyib ki, on illərdir ölkədə tətbiq edilən fövqəladə vəziyyətə dair qanunun gələn həftə ləğv ediləcəyinə ümid bəsləyir. Hökumət əleyhinə etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin nümayişçiləri həbs etməsinə imkan verdiyi bu qanunun ləğvi tələbləri irəli sürülürdü. Cənab Əsəd Suryada sabitliyin prioritet məsələ olduğunu deyib. O həmçinin bildirib ki, təhlükəsizlik qüvvələrinə nümayişçilərlə necə davranmalı olduqlarında dair təlimlər verilməlidir. Prezident xüsusilə də gənclər arasında işsizliyi Suriya üçün ən böyük problem kimi göstərib. O, kabinetini yeni iş yerlərinin yaradılması üçün bir sıra tədbirlər həyata keçirməyə çağırıb.