Lahdar Brahimi: Suriyada böhran daha da ciddi hal alır

BMT-nin xüsusi nümayəndəsi Dəməşqdə Suriya prezidenti ilə görüşüb
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi Dəməşqdə prezident Bəşar Əl-Əsədlə görüşüb və deyib ki, ölkədə böhran daha da ciddi hal alır.

Bu, Lahdar Brahiminin BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi kimi vəzifəsinin icrasına başladığı vaxtdan onun Suriya prezidenti ilə ilk görüşüdür. Görüş Suriyada hökumət qüvvələrinin üsyanılar və mülki vətəndaşlarla Dəməşq və Hələbdə toqquşmaların baş verdiyi vaxt keçirilib.

Brahimi müxbirlərə münaqişənin sona çatdırılması üçün daha böyük səylərin göstəriləcəyini deyib və əlavə edib ki, böhran bütünlükdə Yaxın Şərq regionu və dünya üçün təhlükə yaradır.

Suriya hökuməti ordunun islamçı terrorçulara qarşı mübarizə apardığını deməyə təkid edir. Dövlətə məxsus medianın verdiyi məlumata görə, cənab Əsəd Brahimiyə deyib ki, böhran yalnız terrorçuları maliyyələşdirən və onlara təlim verən ölkələrin qarşısı alındıqda dayandırıla bilər.

BMT-nin keçmiş Baş katibi Kofi Annanı əvəz edən Lahdar Brahimi beynəlxalq sülh elçisi vəzifəsinin icrasına iki həftə bundan əvvəl başlayıb.