Bayıl yamacında sürüşmə zonasından təxliyə edilən əhaliyə müvəqqəti mənzil icarəsi üçün vəsait veriləcək. Bu barədə yanvarın 25-də Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə bildirib.
Hazırda mütəxəssislər sürüşmənin aktivləşməsinin səbəblərini öyrənirlər və gələcəkdə burada adamların yaşamasının mümkünlüyü məsələsi həll olunur.
E.Əzizov 163 saylı məktəbə gedərək təxliyə edilmiş adamlarla görüşüb. Burada 63 nəfər yerləşdirilib.
E.Əzizovun sözlərinə görə, mütəxəssislər aşkar ediblər ki, yamac boyunca iki "yeraltı çay" axır.
Həmin çaylarda suyun səviyyəsinin və yağıntının miqdarının artması sürüşməyə səbəb ola bilər. Əgər mütəxəssislər belə nəticəyə gəlsələr ki, sürüşmə təhlükəsi artacaq, o zaman vətəndaşlara bu ərazidən köçmək üçün birdəfəlik kompensasiya veriləcək.
Ancaq sakinlərin çoxu onların məktəblərdə yerləşdirilməsindən narazıdır. Sakin Mahur Əhmədova deyib ki, kiçik uşaqla məktəbdə yaşaya bilməz, odur ki, nəvəsini qohumlarının yanına göndərib.
Sakinlərin çoxu təkid edir ki, onları başqa yerə köçürsünlər.