Suriyanın hökumət qüvvələri Əl-Həffə şəhərinin nəzarətini ələ keçirib

  • Amerikanın səsi

Suriyanın dövlət televiziyası hökumət qüvvələrinin bir həftə davam edən qızğın döyüşlərdən sonra Əl-Həffə şəhərinin nəzarətini ələ keçirdiyini bildirib. Əsəd qüvvələrinin şəhərdə sakitliyi və təhlükəsizliyi bərqərar etdiyi deyilib.

Rəqib döyüşçülər isə ağır döyüşlərdən sonra şəhəri tərk etməyə məcbur olduqlarını bildirib. Azad Suriya Ordusu hökumət qüvvələrinin qırğınına məruz qalmasın deyə yaralılar, qadın və uşaqların şəhərdən çıxarıldığını bəyan edib. Toqquşmalar ötən həftə təhlükəsizlik qüvvələrinin şəhərin nəzarətini ələ keçirmək cəhdi ilə vüsət almışdı.

Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyaya silah satışını müdafiə edərək, havadan müdafiə sisteminin satışını beynəlxalq qaydalara zidd olmadığını deyib. Nazir bildirib ki, bu, Amerikanın müxalif qüvvələri silahla təmin etməsindən fərqlənir.

ABŞ dövlət katibi Hillari Klinton Vaşiqntonun Rusiyanın Suriyanı döyüş vertolyotları ilə təmin etməsindən narahatlıq hissi keçirdiyini deyib.