ABŞ suriyalı bloqer və fəalın edamını qınayıb

Edam edildiyi zaman 34 yaşı olan Fələstin əsilli suriyalı bloqer Xartabil Dəməşqdə kompüter proqramları yazan şirkətin rəhbəri idi.

ABŞ, suriyalı bloqer və fəal Bassel Xartabil Safadinin Suriya rejimi tərəfindən edam edilməsini qınayıb.

ABŞ Dövlət Departamentinin bəyanatında “işgəncə və məhkəməsiz edam halları da daxil olmaqla, dəfələrlə təkrar edilən qəddarlıqdan” qəzəbləndikləri bildirilir.

Bəyanatda əlavə edilir ki, prezident Bəşər Əsədin rejimi “öz vətəndaşlarının yaşadıqları əzablara, ölüm və dağıntılara görə birbaşa məsuliyyət daşıyır.”

Xartabilin həyat yoldaşı Nura Qazi Safadi həftənin əvvəli öz Facebook hesabında qeyd edib ki, o, Xartabilin 2015-ci ilin oktyabr ayında həbsdə, işgəncələrdən sonra edam edildiyi haqqında təhlükəsizlik xidmətləri tərəfindən məlumatlandırılıb.

Nura Qazi çərşənbə axşamı Facebook-da yazdığı qeyddə həyat yoldaşının ölümünü necə təsdiq etdiyi haqqında məlumat verməyib.

Fələstin əsilli suriyalı Xartabil beş il öncə Dəməşqdə həbs edilmiş kompüter proqramçısı idi.

Edam edildiyi zaman 34 yaşı olan Xartabil, Dəməşqdə kompüter proqramları yazan şirkətin rəhbəri idi.

Londonda yerləşən Amnesty International təşkilatının araşdırmalar üzrə direktoru Anna Neistat bildirib ki, “onun ölümü Suriya həbsxanalarında hər gün baş verən dəhşətləri ilə bağlı xatırlatmadır.”