Suriyada qanlı Cümə

  • Amerikanın səsi

Suriyada qanlı Cümə

Suriya fəalları bildirir ki, təhlükəsizlik qüvvələri ölkə boyu baş qaldıran etiraz nümayişlərində azı 24 adamı öldürüblər. Ölənlərin arasında qadınlar və uşaqlar da var.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri Qrupu Amerikanın Səsinə bildirib ki, Homs şəhərində 10, 12, 14 yaşlarında oğlan uşaqları güllə ilə vurulub öldürülüb. Bu arada ölkənin cənubunda 12 yaşlı qız güllələnib.

Zorakılıqların artmasına baxmayaraq, bu gün Suriya boyu insanlar “şərəf tətili” adlanan aksiyaya qoşulublar. Fəallar nümayiş və etiraz aksiyalarının Homs şəhərində mərkəzləşdiyini bildiriblər.

Müxalifətdə olan Suriya Milli Şurası Homsda hökumət qüvvələrinin "qırğın törətməyə" hazırlaşdıqlarını bildirib.

Etiraz aksiyaları həmçinin cənubi Dəra şəhərində, şimal-qərbi İdlibdə və Türkiyə-Suriya sərhədində yerləşən Deir əl-Zurda baş verib.