Suriyanın kimyəvi silahlarının tərksilah edilməsi prosesinin çərşənbə axşamı qoyulmuş möhlətə qədər sona çatdırılması baş tutmaya bilər.
BMT və kimyəvi silahların beynəlxalq monitorinqi qrupunun açıqladığı bəyanatda buna səbəb olaraq təhlükəsizliklə bağlı vəziyyətin qeyri-sabit olması, işin başa çatdırılması üçün maddi-texniki imkanlarla bağlı problemlər və hava şəraitinin qeyri-münasib olması göstərilir.
Bəyanatda deyilir ki, bu mərhələdə kimyəvi materialların dekabrın 31-ə qədər çıxarılması qeyri-mümkün görünür.
New York Times qəzeti kimyəvi silahların tərksila edimləsi missiyasında mənbələrə istinadən Suriyanın silahların liman şəhərlərində məntəqələrə göndərilməsi prosesinə başlamadığı haqda məlumat verib.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı noyabrın 15-də bütün silahların dekabrın 31-ə qədər ölkədən çıxarılması haqda planı açıqlayıb. Planda Suriyanın bütün kimyəvi silahlarının 2014-cü ilin ortalarına qədər məhv edilməsi nəzərdə tutulur.