“Allah xatirinə bizə kömək edin.” Bu, Twitterdə tüstü dolu bir evdə ağlayan və qan içində olan iki balaca qızın göstərildiyi videonun üstündə yazılan mesajdır. Bu mesaj Qutada baş verən böhranla bağlı aparılan sosial media kampaniyasının bir hissəsidir. Human Rights Watch təşkilatının verdiyi məlumata görə, son altı gün ərzində Qutada 400-dən çox mülki vətəndaş öldürülüb.
“Mən şəhərin mərkəzindəyəm,” deyə cümə yaşadığı binanın zirzəmisindən Whatsapp vasitəsilə danışan 20 yaşlı fəal və tələbə Mahmud Bvedani bildirib. “Mən cəbhə xəttinə yaxın deyiləm, amma iki gün öncə bizim binamıza 3 metr yaxın yerə minomyot düşdü,” o əlavə edib.
“Uşaqlar bərkdən ağlayırdı. Mən onların tutduqları heç bir silahı görmədim,” deyə o əlavə edib.
Cümə günü Twitterdə yüzlərlə mesaj yer alıb. Onların çoxunda ölü uşaqların şəkilləri göstərilir. Bunlar isə ictimaiyyəti Suriyada vəziyyətlə bağlı məlumatlandırmaq məqsədi daşıyır. Fəallar deyir ki, əgər Qutaya qarşı hücumlar davam etsə, bu, Suriyanın yeddi illik vətəndaş müharibəsində yeni səhifənin başlanğıcı olacaq.
“Onlar sözün əsl mənasında tərpənən hər şeyi hədəf alırlar,” deyə Qutadakı mülki vətəndaşlar ilə birbaşa əlaqədə olan suriyalı media fəalı Adnan Hadad bildirir. “Xəbər, video və şəkillər çoxdur. Amma insanlar dünyanın onların ölümünü izlədiyini düşünür.”
Beynəlxalq müharibə
Dəməşqdən 15 kilometr uzaqlıqda yerləşən şərqi Qutaya müxalif döyüşçülər nəzarət edir. Human Rights Watch bildirir ki, onlar 2013-cü ildən bəri Suriya höküməti qüvvələri tərəfindən mühasirə olunub.
Ən son bombardmanlar zamanı 13-dən çox xəstəxana vurulub. Fəallar qorxur ki, əgər Suriya və Rusiya qüvvələri Qutada mülki vətəndaşları kütləvi şəkildə öldürməyə davam etsə, onlar müxalifətin nəzarət etdiyi digər əraziləri də bənzər yolla ələ keçirməyə çalışacaq.
Rusiyanın BMT-dəki nümayəndəsi Vassili Nebenjia kütləvi ölüm iddialarını rədd edir və bu xəbərləri şaiyə adlandırır.
İran və Rusiya mediası Qərb mətbuatını Qutadakı döyüşçülərin Dəməşqə raket ataraq insanları öldürdüyünü gözardı etməkdə ittiham edir. Suriya hökümətini üsyançı qruplara qarşı mübarizədə dəstəkləyən İran da zorakılığın azaldılmasına çağırıb, lakin onlar bu zorakılıqlara görə “terrorçu qrupları” günahlandırır.
Cümə günü ABŞ prezidenti Donald Tramp “Rusiya və İranın Suriyada etdikləri rüsvayçılıqdır” deyib. O, bu sözləri Ağ Evdə keçirilən mətbuat konfransı zamanı söyləyib.
Fəallar internetdə onların mesajını eşitmələri üçün dünyaya yalvarır.
Sosial mediada yerləşdirilən bir sıra şəkillərdə dünya liderləri Suriyadakı qırğının şəkilləri ilə yan-yana qoyulub, üzərində isə “Siz soyqırımı izləməkdən başqa Quta üçün nə edirsiniz?” deyə yazılıb.
Lakin fəallar deyir ki, onların çağırışları zorakılığa son qoyulmasına çox yardım etməyib. Birləşmiş Millətlər Təşkilatı dəfələrlə razılıq əldə etməyə müvəffəq olmayıb, Suriya höküməti isə müxalif qruplara deyil, terrorçulara qarşı döyüşdüyünü təkid edir.
Hücum başlayandan bəri 30 qonşusu ilə birlikdə zirzəmidə yaşayan fəal Bvedaninin dediyinə görə, hətta atəşkəs əldə olunsa belə, zorakılıq azalmayacaq.
Atəşkəs razılığını imzalamaqdan əlavə beynəlxalq ictimaiyyət atəşkəsə hörmət edib, “razılıq əldə etdikləri məsələləri yerinə yetirməlidirlər,” o deyib.