BMT-nin baş katibi Suriyada döyüşən tərəfləri ümummilli atəşkəsə çağırır

BMT-nin baş katibi Antonio Quterreş təxminən iki həftə əvvəl atəşkəslə bağlı qətnaməyə məhəl qoyulmadığına görə bu gün Təhlükəsizlik Şurasının keçirəcəyi yığıncaqdan əvvəl Suriyada döyüşən tərəfləri ümummilli atəşkəsə çağırıb.

Atəşkəsin pozulması Fransa və Britaniyanı bağlı qapılar arxasında yığıncaq keçirmək üçün müraciət etməyə vadar edib.

Təhlükəsizlik Şurası ölkənin bir neçə yerində gedən şiddətli döyüşlərdən qəzəbini ifadə edib.

Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə yeddi ildir münaqişə şəraitində yaşayan milyonlarla suriyalıya ərzaq və tibbi ləvazimat çatdırılması imkanları verilməsini nəzərdə tuturdu.

Şərqi Qutada davam edən zorakılıqlar üzündən BMT, Suriyanın Ərəb Qırmızı Aypara və Beynəlxalq Qırmızı Xaç təşkilatlarının yardımları çatdırmaq cəhdləri baş tutmayıb. Təşkilatlar habelə bildirirlər ki, Suriya hökuməti xilasetmə işçilərinin çoxuna tibbi ləvazimatdan ibarət yardımı boşaltmağa maneələr törədir.

Quterreş cümə axşamı əvvəllər Suriya rəsmiləri ilə razılaşıldırılmış qaydada Şərqi Qutanın Duma bölgəsinə yardım çatdırılması planının da yerinə yetirilməli olduğunu deyib.

Qırmızı Aypara Cəmiyyətinin könüllüləri döyüşlərdə ilişib qalmış yerli sakinlərə yardım paylayırlar. Quta, Suriya. 5 mart, 2018.

Qətnamnədə şura ölkənin bir neçə yerində gedən şiddətli döyüşlərdən qəzəbini ifadə edir, və indiyədək qəbul edilmiş yeddi qtnamənin yerinə yetirilmədiyini vurğulayır.

Ağır döyüşlər çərşənbə axşamı da Duma ətrafında davam edib. Hökumət qüvvələri bu ərazini 2013-cü ildən bəri mühasirədə saxlayır.

Duma müxalifətin paytaxt Dəməşq civarında nəzarət etdiyi sonuncu istehkamlarındandır.