Suriyada hökumət qüvvələri hücumları davam etdirir

Suriyada Qurban bayramı münasibəti ilə atəşkəs əldə olunacağı ümidlərinə baxmayaraq, hökumət qüvvələri hücumları davam etdirir. Suriyanın İnsan Haqları Müşahidəsi qrupunun bildirdiyinə görə, döyüş təyyarələri Hələb şəhərində rəqib döyüşçülərin mövqelərini bombardman edib. Qrup Hələbdə bir döyüşçünün, Fransanın xəbər agentliyi isə iki döyüçünün həlak olduğunu bildirib.

Hava zərbələrinə Maaret Əl-Numan şəhəri də məruz qalıb. Nəticədə Dəməşqlə Hələbi bağlayan şosse yol bağlanıb.

Paytaxt Dəməşqdə atışmalar qeydə alınıb. Suriyanın Deir Ezzor və Dəraa bölgələrində də qarşıdurmalar olub.

BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi Qurban bayramı öncəsi atəşkəs təklifi ilə çıxış edib.