Suriya qoşunları əlavə ərazi ələ keçirib

Türkiyənin hərbi konvoyu

Suriya hökümət qüvvələri şənbə günü ölkənin şimal-qərbində əsas avtomagistralın nəzarətini ələ keçirmək məqsədilə bəzi əraziləri qiyamçılardan ələ keçirib. Türkiyə isə eyni zamanda ölkəyə daha çox qoşun göndərib. Bu barədə dövlət mediası və müxalif fəallar xəbər verib.

Hökümətin bir həftə boyu davam edən hücumu humanitar böhrana səbəb olub. BMT-nin məlumatına görə, Suriyada üsyançıların ən son istinadgahından dekabr ayından bəri 600 min nəfər insan qaçıb.

Üsyançılar İdlib vilayətinin böyük bir hissəsi və təxminən 3 milyon insanın yaşadığı qonşu Hələb regionunun bəzi ərazilərinə nəzarət edir. Bu insanların çoxu Suriyanın digər hissələrindən didərgin düşüb.

Belə görünür Suriya ordusunun hücumunun məqsədi bütöv İdlib ərazini ələ keçirmək əvəzinə hələlik üsyançıların nəzarət etdiyi ərazidə strateji magistralın nəzarətini ələ keçirməkdir.

“Məqsədimiz magistralı təmizləmək və terrorçuları oradan qovmaqdır” – ərazidəki suriyalı komandir dövlət televiziyasına paytaxt Dəməşqlə şimalda yerləşən Hələb şəhərini birləşdirən M5 magistralına istinadən bildirib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, hökümət qüvvələri magistrala tam nəzarət etmək üçün hələ magistrların 30 kilometrlik ərazisini ələ keçirməlidirlər.

Suriya dövlət televiziyası şənbə günü bildirib ki, hökümət qüvvələri magistral yaxınlığında Hələb vilayətinin dörd kəndini ələ keçirib. Televiziyada həmçinin qeyd edilib ki, Suriya qoşunları və mina təmizləyən ekspertlər bu yaxınlarda ələ keçirilən Saraqeb şəhərini partlayıcılar və minalardan təmizləyib.

Suriyanın dövlət televiziyası və Suriya İnsan Haqları Müşahidə Qrupu daha sonra hökümət qüvvələrinin M5 yaxınlığındakı Əl-Eis kəndi və strateji qayanı ələ keçirdiyini bildirib.

Bu yeni hücum müxalifət qüvvələri dəstəkləyən Türkiyə İdlibə daha çox qoşun göndərdiyi vaxta təsadüf edib. Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, cümə günü gücə Suriyada 430 maşından ibarət hərbi konvoy daxil olub. Bununla da Suriyaya ötən həftə sonundan bəri daxil olan maşınların sayı 1000-i keçib.

Fevralın 3-də Türkiyə qoşunları ilə Suriya əsgərləri arasında qarşıdurma baş verib və nəticədə yeddi Türkiyə əsgəri, bir türkiyəli mülki vətəndaş və 13 Suriya əsgəri həlak olub.

Türkiyənin Müdafiə Nazirliyi cümə günü xəbərdarlıq edib ki, ordu Türkiyənin ərazidəki nəzarət postlarına hər hansı hücuma “daha da şiddətlə cavab verəcək” və əlavə edib: “Bizim nəzarət postlarımız işlərini davam etdirəcəklər”.

Zorakılıqlar həmçinin münaqişədə rəqib tərəfləri dəstəkləmələrinə baxmayaraq atəşkəs və siyasi danışıqlar əldə etmək məqsidlə birlikdə işləyən Rusiya ilə Türkiyə arasında da gərginliyi artıb.