Suriyada Novruz şənlikləri zamanı həyata keçirilən hücumlar nəticəsində ölənlərin sayı 45-ə çatıb

Suriyanın insan haqlarının monitorinqi qrupunun bildirdiyinə görə, Novruz bayramı şənlikləri zamanı həyata keçirilən hücumlar nəticəsində ölənlərin sayı 45-ə çatıb.

Kamikadze hücumları kürlərin yaşadığı Hasaka şəhərində həyata keçirilib. Nəticədə 120-dən çox insan xəsarət alıb.

Suriyanın Britaniyada yerləşən insan haqlarının monitorinqi qrupu hücumlara görə İslam Dövlətini günahlandırsa da, hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

BMT-nin baş katibi Ban Gi Mun hücumları qınayaraq, yeni ili qarşılayan kürdlərə qarşı bu əməli vəhşilik kimi qiymətləndirib.

Suriyanın dövlət xəbər agentlikləri hadisələrin prezident Bəşar Əl-Əsədi devirməyə cəhd edən terrorçuların əməli olduğunu bildirib.