Türkiyənin Suriya nefti ilə bağlı təklifinin arxasında nə durur?

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan;n Suriyanın neft gəlirlərindən müharibənin viran qoyduğu ölkənin yenidənqurma işləri üçün istifadə edilməli olduğunu deməsi Suriyanın şərqində əksər neft yataqlarına nəzarət edən kürd qüvvələri arasında narahatlığı artırıb.

Keçən həftə jurnalistlərə açıqlamasında Ərdoğan bu ideyanı Rusiya prezidenti Vladimir Putinə təklif etdiyini deyib.

"Maliyyələşdirmə baxımından siz də dəstək olsanız oradakı neft gəlirləri ilə tikinti işlərini həyata keçirə bilərik. Gəlin Suriyanı ayağa qaldıraq. Putin bunun mümkün ola biləcəyini dedi ", Ərdoğan rusiyalı həmkarı ilə keçirdiyi daha bir söhbətə əsaslanaraq bildirib.

Ərdoğan Suriyanın şimal-şərqindəki Qamışlı və şərqdəki Deyr Əl-Zurun bol neft ehtiyatlarına sahib bölgələr olduğunu deyib.

Hər iki bölgə ABŞ-ın İslam Dövləti terror qruplaşmasına qarşı mübarizədə əsas tərəfdaşı olan kürdlərin Suriya Demokratik Qüvvələrinin (SDF) nəzarəti altındadır.

Suriya Demokratik Qüvvələrinin rəsmiləri Türkiyənin Suriyanın şərqindəki bu neftlə zəngin əraziləri ələ keçirməyi çoxdan planlaşdırdığını deyir.

"Türkiyə şübhəsiz ki, Deyr Əl-Zor da daxil olmaqla, bu ərazilərdən çıxmamızı istəyir" - deyə, adının açıqlanmasını istəməyən Suriya Demokratik Qüvvələrinin rəsmisi Amerikanın Səsinə bildirib.

"Türkiyə Suriya Demokratik Qüvvələri və Suriyanın şərqindəki yerli əhalinin öz təbii sərvətindən faydalanmaması üçün hər şey etməyə hazırdır" - deyə, o əlavə edib.

Keçən ilin oktyabr ayında Türkiyə hərbi qüvvələri və müttəfiq Suriya hərbçiləri ilə birlikdə böyük bir kampaniya başlayaraq, Suriya Demokratik Qüvvələrinin döyüşçülərini Türkiyə ilə həmsərhəd olan bir neçə şəhərdən çıxara bilib.

"Terrorçuların faydalanması əvəzinə Suriyanın [neft] gəlirləri hesabına bizim orada yenidənqurma işləri aparmaq fürsətimiz olacaq" - deyib Ərdoğan keçən həftə verdiyi açıqlamasında bildirib.

Türkiyə prezidenti eyni təklifi ABŞ prezidenti Donald Trampa da edəcəyini deyib.

Lakin ekspertlər hesab edirlər ki, Türkiyənin bu addımı Suriyanın şərqində 600-ə yaxın əsgəri olan ABŞ-a təzyiq göstərmək üçün bir yol ola bilər.