Amerikanın qırıcı təyyarələri Suriyada İslam Dövlətinin hədəflərinə havadan zərbələri davam etdirir.
ABŞ-ın Mərkəzi Komandanlığının bildirdiyinə görə, Deir Əl-Zur vilayətində yaraqlıların 4 tankı məhv edilib, 1-i zədələnib. Hücumlar zamanı neft obyektləri də hədəf alınıb.
Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupu islamçıların komandanlığının da dağıdıldığını bildirib.
İraqda isə 7 hava hücumu zamanı zirehli maşınlar vurulub. Mərkəzi Komandanlığın bildirdiyinə görə, Kərkük yaxınlığında da bir neçə maşın və postlar dağıdılıb.
Sosial mediada yayılan videoda kürd döyüşçülərin Kobani şəhəri yaxınlığında İŞİD-in hədəflərinə hücum etdiyi göstərilir. Bu şəhər günlərdir tərəflərin döyüş meydanına çevrilib.
CNN Türkiyə sərhədlərində İslam Dövləti yaraqlılarının sərbəst hərəkət etdiyini nümayiş etdirib.
ABŞ-ın müdafiə naziri Çak Heygel hava hücumlarının yaraqlıların sərbəstliyini məhdudlaşdırdığını deyib. O bildirib ki, bu həftə İraqda 200-dən artıq, Suriyada isə 43 hücum həyata keçirilib. Heygel Britaniyanın baş naziri ilə danışdığını və əməliyyatlara qoşulduğuna görə ona təşəkkür etdiyini bildirib.
Britaniyanın baş naziri Devid Kameron deyib ki, İslam Dövlətinə qarşı hərbi kampaniya illərlə davam edə bilər. O, qrupun Britaniya və Britaniya xalqına qarşı hücuma keçmək niyyətində olduğunu bildirib.
Danimarkanın baş naziri Helle Thorninq-Şmidt də ölkəsinin ABŞ-ın başçılıq etdiyi koalisya qüvvələri tərkibində İraqda İŞİD-lə mübarizəyə qoşulacağını bəyan edib. O, ölkəsinin hava hücumlarına 7 F-16 qırıcı təyyarəsinin cəlb edəcəyini bildirib.