Dövlət mediası və müxalifət fəallarının bildirdiyinə görə, Suriyanın hökumət qüvvələri ölkənin şimal-qərbində, üsyançıların nəzarətində olan şəhəri üç tərəfdən mühasirəyə alıb və Hələb şəhərinin qərbindəki üsyançı mövqelərinə doğru irəliləyir.
Yeni hücumlar BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Gir Pedersin rəsmilərlə görüşmək üçün paytaxt Dəməşqə yola düşməsindən bir neçə saat əvvəl başlayıb.
Suriyanın hökumət qüvvələri ölkənin üsyançıların son istehkamı olan şimal-qərbi İdlib əyalətində bir aydan çoxdur hücumları davam edir. Lakin son günlərdə üsyançıların özünümüdafiəsi zəifləməyə başladığına görə hökumət qüvvələri bölgədə ondan çox kəndi ələ keçirib. Əl-Qaidə ilə əlaqəsi olan üsyançılar İdlib əyalətinin çox hissəsini və Hələbə yaxın kiçik ərazini hələ də nəzarətdə saxlayır.
Güclü hava zərbələri ilə hücuma keçən hökumət qüvvələrinin əsas hədəfi Dəməşqi Hələblə birləşdirən magistral yoldakı, üsyançıların əlində olan strateji Maaret Əl-Numan şəhəridir. Suriya ordusu üsyançılara geri çəkilmək şansı vermək üçün qəsəbədən qərbə aparan yolu açıq saxlayıb.
Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarının Monitorinqi Qrupu Suriya qoşunlarının çərşənbə axşamı erkən saatlarda yaxınlıqdakı Kfar-Rumma kəndini ələ keçirdiyini bildirib. Suriya dövlət televiziyası hökumət qüvvələrinin hazırda kənddə olduğunu təsdiq edib.
Şimalda isə hökumət qüvvələri Suriyanın ən böyük şəhərlərindən olan Hələbi ələ keçirmək üçün hücuma başlayıb.