Koalisiya qüvvələri Suriyada hücumlarını artırıb

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisya qüvvələrinin hücumu nəticəsində Rəqqa şəhəri yaxınlığındakı Əl-Mənsurə kənd məktəbində 33 adam həlak olub.

Bu məktəbdən Suriya müharibəsi qaçqınları üçün sığınacaq kimi istifadə edilirdi.

Rəqqa İŞİD-in paytaxt elan etdiyi şəhərdir.

ABŞ-ın rəhbərlik etdiyi koalisya qüvvələri Suriyada İŞİD-lə mübarizə aparır. Onlarla ölkənin təmsilçiliyi ilə qüvvələr son günlər hər gün 20-ə yaxın əməliyyat həyata keçirir.

Bu il hücumların sayı ciddi şəkildə artırılıb. Yanvar və fevral ayından hər ay 550 əməliyyat həyata keçirilib. 2016-cı ilin son altı ayında 350-yə yaxın hücum qeydə alınmışdı.

Koalisyanın hava hücumlarının əksəriyyəti ABŞ-ın qırıcı təyyarələri ilə həyata keçirilir.

Suriya və ona müttəfiq Rusiya qoşunlarının hücumları mülki əhali arasında ciddi tələfata yol açıb. İndiyədək 400 min insan həlak olub, milyonlarla adam didərgin düşüb.

Koalisya qüvvələrinin son hesabatında 2014-cü ilin aprel ayından bəri İraq və Suriyada hava zərbələri nəticəsində 220 adamın həlak olduğu bildirilib.

Lakin insan haqları müdafiəçiləri və müşahidəçilər bu göstəricinin daha artıq olduğunu deyir.

Londonda yerləşən Airwars qrupu koalisya qüvvələrinin hücumlarının İraq və Suriyada minimum 2700-3900 nəfərin həyatına son qoyduğunu bildirir.

Qrup Rusiya və Suriya qüvvələrinin təkcə Suriyada 3900-ə yaxın insan ölümünə səbəb olduğunu deyir.