Suriya höküməti sülh danışıqlarında iştirak etməyə razılıq verib

Suriya rəsmiləri yanvar ayında Cenevrədə keçirilməsi planlaşdırılan sülh danışıqlarında iştirak edəcəyini bildirib.

Xarici işlər nazirliyi Suriya hökumətinin nümayəndə heyəti göndərəcəyini bildirib, ancaq prezident Bəşər Əl-Əsəd hökümətinin istefa verməyəcəyini vurğulayıb.

BMT-nin Baş katibi Ban Ki Mun uzun müddətdir gözlənilən konfransın yanvarın 22-ə təyin edildiyini bu həftənin əvvəli elan edib. Konfransın keçirilməsinin məqsədi Suriyada 2011-ci ilin mart ayından başlayıb100 min insanın həyatını itirdiyi və milyonlarla insanın didərgin düşməsi ilə nəticələnmiş qanlı münaqişəyə son qoyulması və keçid hökümətinin yaradılmasından ibarətdir.

Danışıqlarda iştirak edəcək digər tərəflər haqda məlumat verilməyib.

Suriyanın xaricində fəaliyyət göstərən əsas müxalifət qrupu olan Suriya Milli Koalisiyası konfransda iştirak edib-etməmək haqda son qərarın hələ verilmədiyini bildirib. Lakin müxalifət qrupu cənab Əsədin ölkənin gələcəyində heç bir rol oynamamasını təkidlə tələb edib.