Sumqayıtda polipropilen zavodunun inşası üzrə müqavilə imzalanıb

Sumqayıtda polipropilen zavodunun tikintisi üzrə müqavilə imzalanıb

Aprelin 15-də SOCAR-Polimer şirkəti və Maire Tecnimont S.p.A şirkətlər qrupu (İtaliya) Sumqayıtda polipropilen zavodunun inşası üzrə layihələndirmə və tikintiyə dair müqavilə (Engineering, Procurement and Construction, EPC) imzalayıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkəıtinin (SOCAR) mətbuat xidməti məlumat yayıb.

Zavodun inşasını İtaliyanın Tecnimont SpA və Kinetics Technology S.p.A (KT) (Maire Tecnimont S.p.A şirkətlər qrupuna daxildir) şirkətləri həyata keçirəcəklər. Müqavilənin ümumi dəyəri 350 mln. avro təşkil edir.

Zavodun gücü ildə 180 min tona yaxın propilen olacaq. Bu, Azərbaycanda propilen buraxılışı üzrə ilk zavod olacaq. Xammal kimi müəssisədə nafta krekinqi nəticəsində alınan propilendən istifadə olunacaq.

Sumqayıtda polipropilen zavodunun tikintisi üzrə müqavilə imzalanıb

SOCAR-Polimer şirkətinin baş direktoru Emil Eminov jurnalistlərə bildirib ki, zavodun inşasına bu il yayın sonlarında başlanılacaq və qrafikə uyğun olaraq 2017-ci ilin sonunda başa çatdırılacaq. Hazır məhsulun 70%-nin ixraca göndərilməsi, qalanının isə yerli bazara çıxarılması planlaşdırılır. Sumqayıtda kimya-sənaye parkında, texnoparkda polipropilendən daxili bazarın ehtiyaclarını ödəmək üçün müxtəlif məhsulların istehsalı nəzərdə tutulur.

Maire Tecnimont S.p.A. şirkətlər qrupu inşaat, texnologiyaların hazırlanması, lisenziyalaşdırma, energetika və karbohidrogenlərin (neft-qaz sektoru, neft-kimya və gübrə istehsalı) sənaye istehsalı üzrə ixtisaslaşmış birgə müəssisələrin yaradılması sahəsində aparıcı dünya şirkətidir.

Şikətlər qrupu Milan Fond Birjasının reyestrinə daxil edilib. Dünyanın 30-dan çox ölkəsində nümayəndəliyi var, 45-dən çox şirkətə nəzarət edir, 4500-ə yaxın işçisi var.

SOCAR-Polimer SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən təsis edilib. Nizamnamə kapitalı $100 mln. manata bərabərdir. Müəssisənin 51% səhmi SOCAR-a, qalan 49%-i yerli şirkətlərə(Pasha Holding, Gilan Holding və Azersun Holding) məxsusdur.